image-usaqpulu-2backend

Azərbaycanda uşaqlı ailələrə SEVİNDİRİCİ XƏBƏR: Xüsusi güzəştlər gəlir!

Azərbaycanda demoqrafik vəziyyətin yaxşılaşdırılması məqsədilə çoxuşaqlı ailələrə göstərilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı təkliflər müzakirə olunur. Ekspertlər hesab edir ki, ailələr üçün əlavə güzəştlərin tətbiqi doğum göstəricilərinin artmasına və əhali sayının artım tempinin bərpasına müsbət təsir göstərə bilər.

Referans Media-ya danışan iqtisadi ekspert Vüqar Oruc bildirib ki, üç uşaqlı ailələrin çoxuşaqlı ailə kimi tanınması ilə bağlı irəli sürülən təşəbbüs yerində olan təklifdir.

image-vuqar-oruc

 

Onun sözlərinə görə, bu addım hazırda kifayət qədər mürəkkəb olan demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm rol oynaya bilər və üçuşaqlı ailələrin sayının artmasına səbəb ola bilər.

Ekspert qeyd edib ki, hazırda yeni qurulan ailələrdə daha çox bir və ya iki uşaq sahibi olmaq tendensiyası müşahidə olunur. Onun fikrincə, üçüncü uşağın təşviq edilməsi ilə bağlı qərarlar qəbul edilərsə, bir çox ailələr üçüncü uşaqla bağlı qərar verə bilər. Bu isə demoqrafik dəyişikliklərə və əhali artım tempinin azalmasının qarşısının alınmasına kömək edə bilər.

V.Oruc bildirib ki, Azərbaycanda son illər boşanmaların sayının artması, yeni ailələrin qurulmasının azalması və doğulan uşaqların sayının əvvəlki illərlə müqayisədə aşağı düşməsi bu cür təşviq proqramlarının həyata keçirilməsini zəruri edir.

Ekspert hesab edir ki, üçuşaqlı ailələrin çoxuşaqlı kimi tanınması ilə yanaşı, onlar üçün əlavə güzəştlər də tətbiq olunmalıdır. Onun sözlərinə görə, bu güzəştlər iki əsas istiqamətdə həyata keçirilə bilər: müavinətlərin verilməsi və ailə kapitalının formalaşmasına dəstək.

O qeyd edib ki, bəzi ölkələrdə bu istiqamətdə müxtəlif mexanizmlər tətbiq olunur. Məsələn, Rusiyada ailələrə birdəfəlik ödənişlər verilir və bu ödənişlər ailə büdcəsinə ciddi dəstək yaradır. Digər ölkələrdə isə sosial müavinətlər şəklində yardımlar təqdim olunur.

Ekspert əlavə edib ki, üç uşaqlı ailələr üçün mənzil dəstəyi mexanizmləri də tətbiq edilə bilər. Onun sözlərinə görə, ipoteka faizlərinin müəyyənləşdirilməsi zamanı belə ailələr üçün daha aşağı faizlərin tətbiqi təşviqedici addım ola bilər.

V.Oruc həmçinin qeyd edib ki, vergi güzəştləri, dövlət layihələrində üçuşaqlı ailələrə üstünlük verilməsi və müxtəlif sosial dəstək proqramlarının həyata keçirilməsi də bu istiqamətdə mühüm rol oynaya bilər.

Ekspertin fikrincə, bu cür təşviqlər dövlət büdcəsinə müəyyən yük yarada bilər. Lakin uzunmüddətli perspektivdə əhalinin sayının artması və dövlətin daha da güclənməsi baxımından bu addımların mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki