Minlərlə insanı narahat edən proses: Azərbaycana da çatır – SOS

Tanınmış texnobloger Fərid Pərdəşünas yaxın 10 ilin insanlıq üçün ciddi sınaq olacağını deyib.

Sitat:

“American Express” 23 oktyabrda 3500 işçinin ixtisarını açıqlayıb. Şirkət rəhbərliyi bunu strukturun sadələşdirilməsi və Sİ (süni intellekt) tətbiqinə hazırlıqla əlaqələndirib. “Barclays” da 22 oktyabrda 5000 işçi ixtisarı açıqlayıb. Rəhbərlik Sİ və texnologiya hesabına səmərəliliyin artırılması ilə bu ixtisarı əsaslandırıb. Bu ay “Netflix” və “eBay” da müvafiq olaraq işçilərinin 6%-ni və 9%-ni ixtisar edəcəyini bildirib. Səbəbi birbaşa süni intellekt ilə bağlamasalar da, bəhanələrinə baxanda Sİ olduğu aydın hiss edilir. Əlavə olaraq “Kroger”, “FICO”, “DNB” də bu ay süni intellekt vasitəsilə işlərin avtomatlaşdırılması və agentlərə işin həvalə edilməsi səbəbindən ciddi ixtisarlar edəcəyini deyib. Bu, hələ başlanğıcdır. Biz hələ super intellekt dövrünə keçid etməmişik və bu qədər ciddi təhlükə var”.

Yaxın 10 ildə nə ola bilər? Bizi nələr gözləyir?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, şirkətlərin işçilərin sayını azaltmasını problem kimi yox, fəaliyyətin optimallaşdırılması kimi qiymətləndirmək daha doğru olar:

“Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər xərcləri azaltmaq və iş proseslərini təkmilləşdirmək məqsədilə süni intellektdən, avtomatlaşdırma sistemlərindən istifadə edirlər. Çünki biznesin əsas məqsədi xərcləri azaltmaq və gəlirləri artırmaqdır. Bu prosesin ilkin əlamətlərini artıq bir müddətdir müşahidə edirik. Məsələn, dünyanın ən iri şirkətlərini birləşdirən “Fortune 500” siyahısındakı şirkətlərin gəlirləri və dövriyyələri artsa da, işçi sayının eyni templə artmadığı müşahidə olunur. Bu da göstərir ki, şirkətlər böyüsələr belə, yeni işçilərə əvvəlki qədər ehtiyac duymurlar və fəaliyyətlərini optimallaşdırırlar. Lakin bu prosesi birmənalı şəkildə müsbət qiymətləndirmək olmaz. İşçilərin sayının azalması həmin insanların əmək bazarında yeni iş axtarması deməkdir. Digər şirkətlər də eyni yanaşmanı tətbiq etdikdə iş tapmaq daha da çətinləşə bilər. Məsələyə daha çox insanların peşəkar inkişafı baxımından yanaşıram. İşçilər öz bilik və bacarıqlarını daim artırmalı, yeni texnologiyalardan istifadə etməyi öyrənməlidirlər. Çünki əvvəllər on nəfərin gördüyü işi süni intellekt vasitəsilə iki-üç nəfər yerinə yetirə bilər. Bu zaman həmin işçilərin peşəkarlıq səviyyəsi yüksək olmalı, həm öz işlərini bilməli, həm də süni intellekt alətlərindən düzgün istifadə etməyi bacarmalıdırlar”.

ferid

Fərid Kazımov 

Mütəxəssis bildirib ki, əvvəllər insanlar universiteti bitirdikdən sonra uzun illər eyni ixtisas üzrə işləyə bilirdilər:

“Lakin son 20-30 ildə, xüsusilə özəl sektorda əmək bazarının tələbləri dəyişib. Müəyyən sahələrə tələbat azaldıqca insanlar ixtisaslarını dəyişməli və yeni biliklər qazanmalı olurlar. Gələcəkdə bu proses daha da güclənəcək. Artıq yalnız universitet təhsili ilə kifayətlənmək deyil, ömür boyu öyrənmək və dəyişikliklərə uyğunlaşmaq vacibdir. Bu, qlobal tendensiyadır və Azərbaycanda da baş verməsi qaçılmazdır. Məsələn, proqramlaşdırma sahəsində aşağı səviyyəli tapşırıqları yerinə yetirən mütəxəssislərə tələbat azala bilər. Süni intellekt artıq kod yazmaq və bəzi texniki işləri yerinə yetirmək imkanına malikdir. Yüksək səviyyəli proqramçılar isə bu alətlərə tapşırıqlar verərək nəticələri yoxlayır və təkmilləşdirirlər. Bu da göstərir ki, hətta perspektivli hesab edilən peşələrdə belə iş prinsipləri dəyişir.

Tarixə nəzər salsaq, görərik ki, texnoloji dəyişikliklər həmişə əmək bazarına təsir göstərib. XIX əsrdə Böyük Britaniyada Sənaye inqilabı zamanı maşınların yayılması işçilər arasında iş yerlərini itirmək qorxusu yaratmışdı. Luddist hərəkatının iştirakçıları yeni avadanlıqları məhv edərək buna etiraz edirdilər. Lakin zaman keçdikcə istehsal üsulları dəyişdi və yeni əmək ehtiyacları yarandı. Bu nümunə göstərir ki, hər dövrün öz çağırışları var və insanlar həmin çağırışlara uyğunlaşmalıdırlar”.

Ekspert qeyd edib ki, şirkətlərin fəaliyyətini optimallaşdırması onların bazarda qalması üçün də vacibdir:

“Nokia”, “BlackBerry” və “Kodak” kimi şirkətlərin təcrübəsi göstərir ki, bazardakı dəyişikliklərə vaxtında uyğunlaşmamaq ciddi nəticələrə səbəb ola bilər. “Kodak” rəqəmsal fotoqrafiyanın ilkin inkişafında iştirak etsə də, ənənəvi foto-plyonka biznesini qorumaq istəyi şirkətin yeni texnologiyalara uyğunlaşmasını çətinləşdirdi. Buna görə də şirkətlər texnoloji yenilikləri izləməli və fəaliyyətlərini müasir tələblərə uyğun qurmalıdırlar. Bu baxımdan valideynlərin də üzərinə mühüm məsuliyyət düşür. Uşaqların peşə seçimi zamanı yalnız bu günün deyil, gələcək əmək bazarının tələbləri də nəzərə alınmalıdır. Məsələn, süni intellekt hüquqşünaslıq sahəsində də bir sıra işləri avtomatlaşdıra bilər. Lakin bu, həmin peşənin tamamilə yox olacağı demək deyil. Əsas məsələ gələcəkdə hansı bacarıqlara ehtiyac olacağını düzgün qiymətləndirməkdir.

Hesab edirəm ki, bu istiqamətdə media, ekspertlər və dövlət qurumları, xüsusilə Elm və Təhsil Nazirliyi valideynlərin maarifləndirilməsinə diqqət yetirməlidir. İnsanlar gələcəkdə hansı ixtisaslara tələbatın artacağını, hansılarının isə aktuallığını itirə biləcəyini daha yaxşı anlamalıdırlar. Eyni zamanda, ali təhsil sistemində də dəyişikliklər aparılmalıdır. Universitetlərdə tədris olunan ixtisasların əmək bazarının tələblərinə uyğunluğu mütəmadi qiymətləndirilməlidir. Dövlət müəyyən ixtisas üzrə mütəxəssis hazırlamaq üçün vəsait ayırırsa, həmin kadrlara gələcəkdə ehtiyacın olub-olmadığı əvvəlcədən araşdırılmalıdır. Bunun üçün ciddi monitorinq və proqnozlaşdırma aparılmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki