“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə İMZALANDI

“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.

 “AzerTelecom”dan Referans Media-ya verilən məlumata görə, razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.

 Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.

 
“AzerTelecom” haqqında

 “AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla internet trafikinin topdansatışı, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir. “AzerTelecom” Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir.

 “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki