Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində azərbaycanlı iş adamı Duriç Hacıyevə silahlı hücum olub.
Referans Media xəbər verir ki, Gürcüstanın “TV Pirveli” telekanalının məlumatına görə, hadisə iş adamı restorandan azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib.
Silahlı şəxslər Hacıyevin yaşadığı evin yaxınlığında pusqu quraraq onun avtomobilinə atəş açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Gürcüstan mediasının məlumatına görə, hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal olunur. Versiyalardan birinə əsasən, iş adamı əvvəllər şantaj edilib, ondan biznesində pay və 100 min məbləğində pul tələb olunub.
Lakin Duriç Hacıyevin ailəsi bu məlumatı təkzib edib. İş adamının atası hər hansı maliyyə mübahisəsinin olmadığını bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığını açıqlayıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.
Nazirliyin məlumatına əsasən, hadisə ilə əlaqəli ikinci şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 25, 19-109, 236 və 187-ci maddələri üzrə istintaq aparılır.
Hadisə yerinə polis qüvvələri cəlb olunub və istintaq hərəkətləri keçirilib./Musavat.com/
