İcra başçısının o videosu - Qaş düzəldən yerdə vurdu, göz çıxardı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun yerli bazara baş çəkməsi və satıcılarla dialoqu sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub. Kadrlarda icra başçısının alıcı-satıcı münasibətləri ilə maraqlanması ilə yanaşı, bəzi məqamlarda istifadə etdiyi müraciət tərzi də istifadəçilərin diqqətindən yayınmayıb.

Referans Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, icra başçısı bazar ərazisinə gələrək oradakı ticarət mühiti ilə tanış olub, satıcılarla həmsöhbət olub, piştaxtalardakı məhsulların qiymətləri, alıcılıq qabiliyyəti və gündəlik satışın gedişatı barədə suallar verib.


Söhbət zamanı diqqət çəkən detallardan biri də Seymur Orucovun satıcılardan birindən götürdüyü məhsula görə onun halallığını istəməsi olub. Bu davranış bəzi izləyicilər tərəfindən sadə və səmimi jest kimi qiymətləndirilsə də, görüntülərin digər hissəsi fərqli reaksiyalar doğurub.

Belə ki, yayılan videoda icra başçısının sakinlərlə ünsiyyət qurarkən ən azı iki yaşlı vətəndaşa “sən” deyə müraciət etməsi müzakirə mövzusuna çevrilib. Azərbaycan ünsiyyət mədəniyyətində yaşca böyük və ağsaqqal-ağbirçək insanlara “siz” deyə xitab etmək ağbirçəkliyə, yaşa və qarşı tərəfə göstərilən ehtiramın əsas göstəricilərindən sayılır.

Sosial şəbəkə iştirakçılarının və ictimai rəyin bir qismi hesab edir ki, rəsmi və ya qeyri-rəsmi, səmimi mühitdə keçən söhbətlərdə belə yaşlı nəslin nümayəndələrinə “siz” formasında müraciətin qorunması həm etik, həm də mədəni baxımdan daha məqsədəuyğundur.

Əlbəttə, məmur-vətəndaş ünsiyyətində birbaşa təmas, problemlərin yerində dinlənilməsi və açıq söhbət vacib amildir. Bununla belə, ictimaiyyət nümayəndələrinin və rəhbər şəxslərin davranışlarında söz seçimi və müraciət mədəniyyəti də cəmiyyət tərəfindən həssaslıqla izlənir və bəzən əsas hadisədən daha çox müzakirə edilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki