2030-cu ilə qədər dünya avtomobil sənayesində 4,3 milyon ixtisaslı maşın ustasının çatışmayacağı proqnozlaşdırılır.
Referans Media xəbər verir ki, Motor1 nəşrinin məlumatına görə, kadr çatışmazlığı həm adi avtomobillərin texniki xidmətinə, həm də peşəkar avtomobil yarışlarına təsir göstərəcək.
Məsələn, “Formula-1” yarışlarında iştirak edən Aston Martin Aramco komandasında 50-75 mexanik və texniki mütəxəssis çalışır.
Problemin həlli və gənclərin avtomobil sənayesinə marağının artırılması məqsədilə Valvoline Global və Aston Martin şirkətləri beşillik “Aspiring Mechanics” proqramına başlayıblar.
2025-ci ilin oktyabrında start götürən proqram artıq yeddi ölkəni əhatə edib və 1000-dən çox iştirakçı cəlb olunub.
Proqram çərçivəsində gələcək maşın ustalarına praktiki təlimlər keçirilir, peşəkar alətlər, təqaüdlər və təcrübəli mütəxəssislərin dəstəyi təqdim olunur.
Təhsil təşəbbüsü ABŞ, Böyük Britaniya, İspaniya, Meksika, Avstraliya, Tailand və Portuqaliyada həyata keçirilir.
İspaniyalı tələbələr “Formula-1” komandasının emalatxanası və qarajında təcrübə keçiblər. Meksikalı iştirakçılar isə yarış avtomobillərinin hazırlanması prosesinə qoşulublar.
Valvoline Global şirkətində hesab edirlər ki, nəzəri biliklərin praktiki təcrübə ilə birləşdirilməsi avtomobil sənayesinə yeni mütəxəssislərin cəlb olunmasına kömək edəcək.
Şirkət bu proqram üçün beş il ərzində 1 milyon dollar ayırmağı və dünya üzrə ən azı 10 min gələcək maşın ustasına dəstək göstərməyi planlaşdırır.
Proqramın Meksikada keçirilən ilk tədbirlərində səkkiz tələbəyə təqaüd verilib. Onlar “Formula-1” komandasının mütəxəssisləri ilə görüşmək və yarış avtomobillərinin hazırlanması prosesi ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Aston Martin komandasının texniki heyətində yarış zamanı avtomobilin təkərlərinin dəyişdirilməsi üçün 20 nəfərlik briqada çalışır. Bu mütəxəssislər təkərləri üç saniyədən az müddətdə dəyişə bilirlər./Musavat.com/
