Səbailin icra başçısı vaxtilə Nizami Kino Mərkəzinə rəhbərlik edib, Xəzərin başçısı bank filialının direktoru olub, Xətainin başçısı isə elə həmin rayonun icra hakimiyyətində müfəttişlikdən birinci müavinədək yüksəlib. Yasamal və Suraxanının rəhbərləri bu vəzifəyə Milli Məclisdən gəliblər.
Referans Media xəbər verir ki, NOCOMMENT.az Bakının 12 rayonunun icra başçısının və Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyinatdan əvvəl harada çalışdığını araşdırıb.
Bakı şəhəri - Eldar Əzizov
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə 15 noyabr 2018-ci ildən rəhbərlik edir. Tarix ixtisası üzrə təhsil alıb, Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olub. İlk dəfə 2000-ci ildə paytaxtın Nizami rayonuna icra başçısı təyin edilib. Sonra Gəncəyə, Sumqayıta və Bakının Səbail rayonuna rəhbərlik edib. Beləliklə, Bakı şəhərinin rəhbərliyinə gələnədək dörd yerli icra hakimiyyətində başçı kimi çalışıb
Nəsimi - Tahir Budaqov
9 fevral 2026-cı ildə Nəsimiyə təyin olunan Tahir Budaqov ixtisasca həkimdir. Əlillərin Bərpa Mərkəzinin baş həkimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Prezident Administrasiyasında şöbə müdirinin müavini olub. 2009-2015-ci illərdə Bakının Nizami rayonuna rəhbərlik edib. Ardınca Dövlət Statistika Komitəsinin sədri təyin olunub və 2026-cı ilədək bu vəzifəni tutub. Nəsimiyə təyinat onun paytaxtda rayon rəhbərliyinə qayıdışı olub.
Qaradağ - Natiq Əliyev
Natiq Əliyev Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 28 sentyabr 2026-cı ildə təyin edilib. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, tarix üzrə fəlsəfə doktoru dərəcəsi alıb və hüquq üzrə magistr təhsili alıb. Həmin institutda və Dövlət İdarəçilik Akademiyasında dərs deyib. Prezident Administrasiyasında müxtəlif vəzifələr tutub, 2021-ci ildən Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri işləyib.
Yasamal - Elşad Həsənov
Elşad Həsənov 12 noyabr 2019-cu ildə Yasamalın icra başçısı təyin olunub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, hüquq üzrə fəlsəfə doktorudur. Özəl müəssisəyə rəhbərlik edib, daha sonra şirkətlərdə hüquqşünas işləyib. 2015-ci ildə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib. Beləliklə, icra başçısı təyin olunmazdan əvvəl elə həmin rayonun seçicilərini parlamentdə təmsil edib.
Suraxanı - Adil Əliyev
