UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qornik Zabrje" ilə oyuna hazırlaşan "Fənərbaxça" transfer çalışmalarını da davam etdirir. İstanbul təmsilçisinin əsas hədəflərindən birinin "Real Madrid"in gənc hücumçusu Qonzalo Qarsiya olduğu bildirilir.
Referans Media xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi 22 yaşlı ispaniyalı futbolçunun transferi üçün Madrid klubu ilə ilkin təmaslara başlayıb.
Klubun transfer siyahısında ön sıralarda yer alan Qonzalo Qarsiya sürəti, ön xətdə aktiv pressinqi və qol instinkti ilə məşqçilər korpusunun diqqətini cəlb edib.
Xəbərdə iddia olunur ki, transfer prosesində "Fənərbaxça"nın prezidenti Aziz Yıldırım klubun baş məşqçisi Joze Mourinyo ilə xüsusi görüş keçirib. Bildirilir ki, bu görüş və tərəflərin "Real Madrid"lə mövcud əlaqələri transfer danışıqlarında İstanbul klubunun mövqeyini gücləndirə bilər.
Məlumata əsasən, "Fənərbaxça" Qonzalo Qarsiyanı satınalma hüququ ilə icarəyə götürmək üçün rəsmi təklif hazırlayır.
Futbolçu ilə La Liqanın digər klublarının da maraqlandığı bildirilir. Qarsiya Türkiyə variantına müsbət yanaşacağı təqdirdə, transferin qısa müddətdə rəsmiləşə biləcəyi qeyd olunur.
22 yaşlı hücumçu ötən mövsüm "Real Madrid"in heyətində La Liqada 30 oyunda meydana çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
