"Qalatasaray" komandanın müdafiəçisi Vilfrid Sinqo üçün "İnter" tərəfindən edilən 35 milyon avroluq təklifi kifayət hesab etməyib. İstanbul təmsilçisinin 23 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb etdiyi bildirilir.
Referans Media xəbər verir ki, Fransanın "Monako" klubundan 30 milyon avro qarşılığında transfer edilən Sinqo qısa müddətdə göstərdiyi yüksək performans və fiziki göstəriciləri ilə Avropanın nəhəng klublarının diqqətini çəkib.
"İnter"dən 35 milyon avroluq təklif
İtaliyanın nəhəng klubu "İnter" sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün "Qalatasaray"a 35 milyon avroluq şifahi təklif göndərib. Lakin "sarı-qırmızılılar"ın rəhbərliyi baş məşqçi Okan Burukun komandada saxlamaq istədiyi futbolçu üçün bu təklifi qəbul etməyib.
"Qalatasaray"ın istədiyi rəqəm bəlli oldu
Məlumata görə, klub rəhbərliyi Sinqonun menecerinə futbolçunun transfer qiymətinin minimum 50 milyon avro olduğunu bildirib. Bu məbləğdən aşağı gələn təkliflərin nəzərdən keçirilməyəcəyi qeyd olunub.
Sinqonu transfer etməkdə israrlı olan "İnter"in yaxın zamanda daha yüksək məbləğlə yeni təklif təqdim edə biləcəyi gözlənilir.
Sinqo gedərsə, plan hazırdır
"Qalatasaray" futbolçunun mümkün satışından həm böyük gəlir əldə etməyi, həm də legioner limitində yer açmağı planlaşdırır.
Sinqonun ayrılması halında sağ cinah üçün əsas namizəd kimi Roland Sallai göstərilir. Klubun yerli futbolçu variantlarını da nəzərdən keçirdiyi bildirilir.
Lusumi üçün yol açıla bilər
Sinqonun satışından sonra açılacaq legioner yerinin müdafiənin mərkəzinə yönəldilməsi planlaşdırılır. "Qalatasaray"ın əsas hədəflərindən birinin "Bolonya"nın kolumbiyalı müdafiəçisi Con Lusumi olduğu qeyd edilir.
Müqaviləsinin son ilinə daxil olan Lusuminin təxminən 15 milyon avro qarşılığında transfer edilə biləcəyi gözlənilir.
