Transfer çalışmalarını davam etdirən "Beşiktaş" misirli ulduz futbolçu Məhəmməd Salahı heyətinə qatmaq üçün təklifini təqdim edib. İstanbul təmsilçisi təcrübəli futbolçuya cavab verməsi üçün 24 saat vaxt tanıyıb.
Referans Media xəbər verir ki, "Beşiktaş" 33 yaşlı cinah oyunçusuna 2 illik müqavilə təklif edib. Təklifə əsasən, Salaha ildə 15 milyon avro xalis əməkhaqqı və təxminən 4 milyon avro performans bonusu vəd olunub.
Müqavilədə imic hüquqları ilə bağlı xüsusi maddələrin də yer aldığı, bonuslarla birlikdə futbolçunun illik qazancının 20 milyon avroya yaxınlaşacağı bildirilir.
Transferin dəyəri 40 milyon avronu ötəcək
Məlumata əsasən, "Beşiktaş"ın Salah transferi üçün ayırdığı ümumi büdcənin iki il ərzində 40 milyon avrodan çox olacağı gözlənilir.
Son qərar gözlənilir
Təklif təqdim edildikdən sonra klub rəhbərliyi Salahın və meneceri Rami Abbasın yekun cavabını gözləməyə başlayıb. Bildirilir ki, "Beşiktaş" rəhbərliyi futbolçu tərəfinə bazar ertəsi axşamına qədər qərar verməsi üçün vaxt tanıyıb.
