Yəməndə fəaliyyət göstərən husilər son 48 saat ərzində Səudiyyə Ərəbistanına məxsus 3 neft tankerinə hücum etdiklərini iddia ediblər. Husilər həmçinin Babülməndəb boğazından keçmək istəyən 16 Səudiyyə gəmisinin geri qaytarıldığını açıqlayıblar.
Referans Media xəbər verir ki, lakin bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Səudiyyə Ərəbistanı və ya onun rəhbərlik etdiyi koalisiyadan məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Livan mərkəzli Əl-Məyadin telekanalının husilərə yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, hücumlar qrupun Səudiyyə Ərəbistanının dəniz nəqliyyatına qarşı elan etdiyi blokadanın bir hissəsi kimi həyata keçirilib.
Husilər bildiriblər ki, ötən bazar ertəsi başlayan blokadadan sonra Qırmızı dənizin cənub girişində yerləşən Babülməndəb boğazından heç bir Səudiyyə tankerinin keçməsinə imkan verilməyib. Onların iddiasına görə, ümumilikdə 16 gəmi geri çevrilib.
Husilər daha əvvəl Qırmızı dənizdə dəniz blokadasını pozduğunu iddia etdikləri iki Səudiyyə neft tankerini hədəfə aldıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi isə ölkəyə məxsus şirkətlərdən birinin tankerinin vurulduğunu və yanğın baş verdiyini təsdiqləmişdi.
Bundan sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin nəzarətində olan Hudeydə şəhərindəki hərbi obyektlərə zərbələr endirib. Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiklərini açıqlayıblar.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən bəri beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətini dəstəkləmək məqsədilə husilərə qarşı hərbi əməliyyatlar aparır.
Qırmızı dəniz və xüsusilə Babülməndəb boğazı qlobal enerji və ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıdığı üçün bölgədəki hər yeni gərginlik neft bazarlarına və beynəlxalq daşımalara təsir göstərə bilər.
