İzmirdə siyasi zəlzələ iddiası – 24 bələdiyyə sədri "Yeni Partiya"ya keçir?

Türkiyədə CHP-nin əsas dayaqlarından hesab olunan İzmirdə siyasi balansı dəyişə biləcək iddia gündəmə gəlib. Məlumata görə, Özgür Özəlin rəhbərlik etdiyi "Yeni Partiya"ya şəhərdəki 28 CHP-li bələdiyyə sədrindən 24-ü qoşulmağa hazırlaşır.

Referans Media xəbər verir ki, iddialara əsasən, keçidlərin yaxın günlərdə mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay isə siyasi prosesdə müstəqil qalacağını bəyan edib. O, AK Partiyaya keçəcəyi ilə bağlı iddiaları təkzib edərək bildirib:

"Bələdiyyə sədri vəzifəmi müstəqil şəkildə davam etdirəcəyəm. Siyasi qeyri-müəyyənliyin İzmirdə bələdiyyə xidmətlərinə mənfi təsir göstərməməsi üçün çalışıram. Şəhərimizin və ölkəmizin rifahı mənim üçün əsas prioritetdir."

Kulis məlumatlarına görə, Kemal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP-də yalnız aşağıdakı bələdiyyə rəhbərlərinin qalacağı iddia edilir:

Erman Uzun (Narlıdərə)
Onur Emrah Yıldız (Çiğli)
Prof. Dr. Tanju Çelik (Berqama)
Hüseyin Benzer (Buca bələdiyyə sədrinin vəzifəsini icra edən)

Bununla yanaşı, CHP-də qalacağı deyilən bu şəxslərdən ikisinin də sonradan Yeni Partiyaya keçə biləcəyi barədə iddialar səsləndirilir.

Məlumata görə, daha əvvəl CHP-dən istefa verərək Yeni Partiyaya qoşulacağını açıqlayan Efes Səlcuq bələdiyyəsinin sədri Filiz Ceritoğlu Sengelin ardınca daha 23 bələdiyyə sədrinin də eyni addımı atacağı iddia olunur.

İddialar bununla da məhdudlaşmır. Kulis məlumatlarına əsasən, İzmirdə CHP-nin bütün rayon təşkilatlarının da tam heyətlə Yeni Partiyaya keçməyə hazırlaşdığı bildirilir.

Əgər bu iddialar təsdiqini tapsa, CHP-nin İzmirdəki təşkilati strukturu və yerli idarəetmədəki üstünlüyü ciddi şəkildə dəyişə bilər.

Qeyd edək ki, 31 mart 2024-cü il yerli seçkilərində CHP İzmirin 30 rayonundan 28-də qalib gəlmişdi. Menemen rayonunda AK Partiya, Aliağada isə MHP namizədi qələbə qazanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki