Ermənistanın siyasi həyatında maraqlı və eyni zamanda paradoksal bir tendensiya formalaşır. Ölkə daxilində illərlə Nikol Paşinyana qarşı mübarizə aparan müxalifət nə hakimiyyəti dəyişə, nə də cəmiyyətdə alternativ mərkəz yarada bildi. Bunun fonunda bəzi erməni siyasi dairələrinin diqqəti artıq ölkə daxilindən kənara – Bakıda saxlanılan keçmiş Qarabağ separatçı rəhbərlərinə yönəlməyə başlayıb.
Referans Media xəbər verir ki, bunu Ermənistanın "Alternativ layihələr" qrupunun üzvü Vahe Ovannisyanın son yazısı da dolayısı ilə nümayiş etdirir.
O, Ermənistanda siyasi prosesin faktiki olaraq mövcud olmadığını, ölkədə yalnız "ictimai həyat"ın qaldığını iddia edir və diqqətçəkən şəkildə bildirir ki, "İrəvan və Bakı həbsxanalarında milli düşüncənin böyük potensialı saxlanılır". Bu fikir həmin şəxslərin gələcəkdə Ermənistanın ictimai-siyasi həyatında rol oynaya biləcəyi mesajını verir.
Ovannisyanın məqaləsində ən mühüm etiraflardan biri Ermənistanda siyasi institutların işləməməsi ilə bağlıdır. Onun fikrincə, ölkədə nə siyasi fikir, nə də real siyasi proses qalıb. Bu, əslində, Ermənistan müxalifətinin illərlə uğursuz fəaliyyətinə verilən qiymət kimi də oxunur.
2024-cü ildə Tavuş etirazları, kilsənin dəstəklədiyi aksiyalar, Robert Koçaryan və Serj Sərkisyan düşərgəsinin fəallığı, Samvel Karapetyan və Qaqik Tsarukyan kimi iri fiqurların səhnəyə çıxması Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Müxalifət cəmiyyətdə yeni gündəm formalaşdırmaq imkanını da əldə etmədi.
Məhz bu uğursuzluqlar fonunda Ermənistanın bəzi siyasi çevrələrində yeni narrativ meydana çıxır. Həmin narrativə görə, Qarabağın keçmiş rəhbərliyinin Bakıda saxlanılması onları siyasi simvola çevirə bilər.
Ovannisyanın "Bakı həbsxanalarında milli sərvət saxlanılır" fikri də bu yanaşmanın ifadəsi kimi görünür. Məqalədə həmin şəxslər gələcək Ermənistan üçün "milli düşüncənin daşıyıcıları" kimi təqdim edilir və onların azadlığa çıxmasının ölkədaxili atmosferi dəyişə biləcəyi iddia olunur. Bu isə siyasi mübarizənin ağırlıq mərkəzinin artıq Yerevandan kənara çıxarıldığını göstərən maraqlı tendensiyadır.
Diqqət çəkən başqa məqam isə budur ki, söhbət Ermənistanın yeni siyasi nəslindən deyil, uzun illər Qarabağ separatizminin rəhbərliyində olmuş, artıq yaşlı nəslə aid şəxslərdən gedir. Bu vəziyyət Ermənistan müxalifətinin ideya böhranını da nümayiş etdirir. Yeni liderlər yetişdirə bilməyən müxalif düşərgə cəmiyyətə gələcək proqram təqdim etmək əvəzinə, siyasi ümidlərini keçmiş fiqurlar üzərində qurmağa çalışır.
Ovannisyan yazısında Qaqik Tsarukyanı da xüsusi vurğulayaraq onun hələ uzun müddət Ermənistanın ictimai həyatında rol oynayacağını bildirir. Bu yanaşma da göstərir ki, müxalif düşüncə yeni simalara deyil, köhnə oliqarxlara və keçmiş siyasi fiqurlara söykənməkdə davam edir. Bütün bunlar Ermənistan müxalifətində yaranmış dərin lider və ideya böhranını ortaya qoyur. Ölkə daxilində hakimiyyətə real alternativ formalaşdıra bilməyən dairələrin bir hissəsi siyasi ümidlərini artıq Bakıda saxlanılan keçmiş Qarabağ rəhbərlərinə bağlayır. Amma Bakıda saxlanılan şəxslərin gələcəkdə Ermənistan siyasətinə təsir göstərə biləcəyi barədə səslənən fikirlər hazırda əsasən ayrı-ayrı erməni siyasi analitiklərinin və müxalif dairələrin mövqeyini əks etdirir və bunun cəmiyyət daxilində geniş dəstəyə malik olub-olmaması barədə qəti nəticə çıxarmaq mümkün deyil.
Bakıda həbsdə olan separatçılar əlbəttə ki, Paşinyan hakimiyyətinə müxalifətdirlər, amma onların indilikdə Ermənistanın xilaskar rolunda təqdimatı bir az da gülüncdür. Çünki indi onlar öz suçlu canlarını Azərbaycan qanunlarından necə qurtaracaqlarını belə təsəvvür etmirlər.../Musavat.com/
