Bakıya gələn Ceki Canın qəribə həyatı - Film kimi dosye

Dünyanın ən məşhur aktyorlarından, döyüş sənəti ustalarından və kaskadyorlarından biri olan Ceki Çan Bakıdadır. 72 yaşlı əfsanəvi aktyor Azərbaycana “Tanrının Zirehi 4” (“Armor of God 4”) filminin çəkilişləri ilə əlaqədar gəlib.

Onun Bakıya səfəri həm Azərbaycanda, həm də beynəlxalq mediada böyük maraq doğurub.

Referans Media  Ceki Çanın həyatından ən maraqlı və təəccüblü faktları təqdim edir.

Ceki Çan » Nostalgiya.az

Ceki Çan 1954-cü il aprelin 7-də Honkonqda, maddi imkanları olduqca məhdud ailədə anadan olub. Onun doğuşu belə ailəsi üçün ciddi maliyyə problemi yaradıb.

Aktyorun uşaqlığı ilə bağlı müxtəlif bioqrafik mənbələrdə ailəsinin o qədər ağır maddi vəziyyətdə olduğu qeyd edilir ki, valideynlərinin onun tibbi xərclərini ödəmək üçün başqa çıxış yolları axtardıqları bildirilir. Bəzi mənbələrdə hətta körpə Cekinin xarici həkimə verilməsi barədə düşüncələrin olduğu yazılır.

Ailənin vəziyyəti o qədər ağır idi ki, valideynləri daha yaxşı həyat qurmaq ümidi ilə Avstraliyaya getməli oldular. Kiçik yaşlarında Ceki də müəyyən müddət Avstraliyada yaşadı. Daha sonra isə Honkonqa qaytarıldı. Bəlkə də heç kim o vaxt təsəvvür etmirdi ki, həmin kasıb ailənin övladı illər sonra dünyanın ən məşhur və ən çox qazanan aktyorlarından birinə çevriləcək.

Bir məktəb onun taleyini dəyişdi

Ceki Çanın həyatında dönüş nöqtələrindən biri Pekin Opera Məktəbində aldığı təhsil oldu. Burada o, yalnız aktyorluq deyil, həm də döyüş sənəti, akrobatika, rəqs, musiqi və səhnə intizamı öyrənirdi. Təlimlər son dərəcə ağır idi. Şagirdlər saatlarla məşq edir, fiziki hazırlıq və akrobatik hərəkətlər üzərində işləyirdilər. Məhz bu sərt məktəb sonradan Ceki Çanın kino üslubunun formalaşmasında böyük rol oynadı.

Onun filmlərində tamaşaçını heyrətləndirən mürəkkəb döyüş səhnələri, akrobatik hərəkətlər və təhlükəli kaskadyor epizodlarının əsasını məhz həmin illərdə qazandığı bacarıqlar təşkil edirdi.

Ceki Çanın əsl adı nədir?

Maraqlıdır ki, dünya onu Ceki Çan kimi tanısa da, bu onun həyatında istifadə etdiyi yeganə ad olmayıb. Uşaqlıqda yüksək çəkisinə görə ona “Pao Pao” ləqəbi verildiyi bildirilir. Pekin Opera Məktəbində isə müxtəlif adlarla çağırılıb.

Avstraliyada yaşadığı dövrdə “Jack” adlı inşaat işçisinin adı ilə bağlı olaraq “Jackie” adını götürməsi onun dünya şöhrəti qazanacaq səhnə adının formalaşmasına səbəb olub. Çan müxtəlif illərdə fərqli ad və təxəllüslərlə də filmlərdə çəkilib. Ceki Çanın dünya kinosundakı uğuru ona böyük sərvət qazandırıb. Aktyorun müxtəlif filmlərə görə aldığı qonorarlar arasında milyonlarla dollarla ölçülən rəqəmlər var. Məsələn, “Bronksda savaş” filminə görə təxminən 4 milyon, “Şanxay günortası”na görə 5 milyon, “Pik saatı 2” və “Pik saatı 3” filmlərinin hər birinə görə təxminən 15 milyon dollar qonorar aldığı barədə məlumatlar yayılıb. “Qadağan olunmuş çarlıq” üçün aldığı qonorarın 5,89 milyon dollar, “Karateçi” filmi üçün isə təxminən 7,9 milyon dollar olduğu qeyd edilir. Ümumilikdə Ceki Çanın aktyor kimi 100-dən çox filmdə rol aldığı bildirilir.

Ceki Çan, 1980-ci il » Nostalgiya.az

Ceki Çan həm də müğənnidir

Onu yalnız aktyor kimi tanıyanlar üçün daha bir maraqlı fakt var: Ceki Çan həm də peşəkar səviyyədə musiqi ilə məşğul olub. 1980-ci illərdən etibarən o, çoxsaylı mahnılar yazıb və albomlar buraxıb. Çan kanton və mandarin dilləri ilə yanaşı, ingilis və yapon dillərində də mahnılar ifa edib. Onun filmlərində səslənən bəzi mahnıları da məhz özü ifa edib. Çanın musiqi fəaliyyəti aktyorluğu qədər məşhur olmasa da, onun albomları müxtəlif ölkələrdə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Milyonlarla dollar qazansa da, kasıb keçmişini unutmadı

Ceki Çanın həyatının ən diqqətçəkən tərəflərindən biri də xeyriyyəçilik fəaliyyətidir. Kasıb ailədə böyüyən aktyor sonradan böyük sərvət qazansa da, uşaqlıq illərini unutmadığını dəfələrlə nümayiş etdirib. O, müxtəlif təbii fəlakətlərdən zərər çəkən insanlara yardım edib, uşaq təşkilatlarını dəstəkləyib və beynəlxalq xeyriyyə layihələrində iştirak edib. 2004-cü ildə Hind okeanında baş verən dağıdıcı sunamidən zərər çəkənlərə, həmçinin Çində daşqınlardan əziyyət çəkən insanlara yardım göstərib. Onun xeyriyyəçilik fəlsəfəsini ifadə edən fikirlərindən biri xüsusilə diqqət çəkir: dünyadan köçərkən bank hesabında böyük sərvət saxlamaqdan daha çox, ehtiyacı olan insanlara kömək etməyi üstün tutduğunu bildirib.

Neçə dəfə ölümün astanasında olub?

Ceki Çanın filmlərinin əsas xüsusiyyətlərindən biri təhlükəli səhnələrin əksəriyyətini özü yerinə yetirməsidir. Bu isə aktyorun həyatına dəfələrlə real təhlükə yaradıb. Ceki Çanın karyerası ərzində aldığı xəsarətlərin siyahısı kifayət qədər uzundur. Sınıqlar, baş travmaları, kəsiklər, göz zədələri və digər ağır xəsarətlər onun kino həyatının ayrılmaz hissəsinə çevrilib.

Brüs Li onu həqiqətən vurmuşdu

Məşhur aktyor koronavirusun dərmanını tapan şəxsə 1 milyon verəcəyini  açıqladı

1973-cü ildə “Əjdahanın yolu” filminin çəkilişləri zamanı Ceki Çan Bryus Li ilə eyni səhnədə iştirak edib. Çanın sonrakı xatirələrinə görə, çəkiliş zamanı Brüs Li onu təsadüfən nunçakla vurub. Zərbə o qədər güclü olub ki, bu hadisə aktyorun yaddaşında uzun müddət qalıb. Dünyanın iki döyüş sənəti əfsanəsinin eyni çəkiliş meydanında olması isə həmin epizodu kino tarixinin maraqlı hadisələrindən birinə çevirib.

Ceki Çanın filmlərində təhlükə ilə yanaşı, inanılmaz səbr də tələb olunurdu. “Əjdahaların hökmdarı” filmində mürəkkəb səhnələrdən birinin təxminən 2900 dublda çəkildiyi barədə məlumatlar var. Bu rəqəm onun çəkilişlərə münasibətini təsəvvür etmək üçün kifayətdir. 1984-cü ildə “Təkər üstündə təkər” filminin çəkilişləri zamanı Ceki Çanın dünya kikboksinq çempionu Benni Urqidezlə döyüş səhnəsi çəkdiyi bildirilir.

Çəkiliş zamanı zərbələrdən biri aktyora real şəkildə dəydikdən sonra vəziyyətin bir anlıq ciddi xarakter aldığı qeyd olunur. Çan sonradan buna cavab olaraq rəqibinə bir neçə real zərbə vurub. Ceki Çanın həyatının daha az bilinən tərəflərindən biri də Honkonqda cinayətkar qruplarla bağlı təhlükələrdir. 1980–1990-cı illərdə Honkonq kino sənayesində “Triad” adlandırılan kriminal qrupların təsiri barədə çoxsaylı məlumatlar yayılırdı. Bəzi bioqrafik məlumatlarda Çanın həmin dövrdə özünü qorumaq üçün silah gəzdirdiyi, hətta bəzi hallarda bir neçə silah və qumbara daşıdığı iddia edilir. Bu iddiaların bir hissəsi aktyorun həyatına dair müxtəlif mənbələrdə yer alsa da, bütün detalları müstəqil şəkildə təsdiqləmək çətindir.

“Drunken Master” – “Sərxoş ustad” filminin çəkilişləri zamanı Ceki Çan az qala gözünü itirirdi. Döyüş səhnəsində aldığı zərbə nəticəsində qaşı yarılmış və göz nahiyəsi ciddi şəkildə zədələnmişdi.

Bu hadisənin izləri isə aktyorun üzündə uzun müddət qalıb. “Super polis” seriyasının çəkilişlərindən birində Ceki Çanın avtobusdan digər nəqliyyat vasitəsinə tullanaraq şüşədən keçməsi nəzərdə tutulmuşdu.

Aktyor üçün təhlükəni azaltmaq məqsədilə xüsusi hazırlanmış şüşədən istifadə olunmalı idi. Lakin tullanma zamanı hesablamada səhv baş verdi və Çan xüsusi şüşə əvəzinə real mağaza vitrinindən keçdi. Nəticədə onun bədəninin müxtəlif hissələrində çoxsaylı kəsiklər yarandı. Başqa bir çəkilişdə isə aktyor pikapdan tullanarkən başı yerə güclü şəkildə dəyib. Ceki Çan xəsarət almasına baxmayaraq səhnəni davam etdirib. Lakin bir müddət sonra huşunu itirərək yerə yıxılıb. Hadisə çəkiliş meydanındakı hər kəsi qorxudub.

Ceki Çan Bakıda — Video

“Tanrının zirehi” az qala onun son filmi olacaqdı

Ceki Çanın ən məşhur və təhlükəli qəzalarından biri “Tanrının zirehi” filminin çəkilişləri zamanı baş verib. Aktyor təpəlikdən ağaca tullanmalı idi. İlk cəhd uğurlu alınsa da, Çan hərəkətin kifayət qədər sürətli olmadığını düşündüyü üçün səhnənin yenidən çəkilməsini istəyib.
İkinci cəhddə isə hər şey dəhşətli şəkildə dəyişib. Aktyor arxası üstə yıxılaraq başını daşa vurub. Ağır kəllə-beyin travması alan Çanın vəziyyəti kritikləşib və təcili tibbi müdaxiləyə ehtiyac yaranıb. Bu qəza o qədər ciddi olub ki, aktyorun həyatını itirməsi real təhlükəyə çevrilib.
Əgər vaxtında tibbi yardım göstərilməsəydi, bəlkə də Ceki Çanın dünya kinosundakı hekayəsi məhz həmin filmlə başa çatacaqdı.

Ailə həyatı

Ceki Çan 1982-ci ildə tayvanlı aktrisa Lin Fen-ciao ilə evlənib. Elə həmin il onların oğlu dünyaya gəlib. Oğlu Ceysi Çan daha sonra aktyor və müğənni kimi fəaliyyət göstərib. Ceki Çanın şəxsi həyatı ilə bağlı ən çox müzakirə olunan hadisələrdən biri isə aktrisa Eleyn Nq ilə münasibətləri olub. 1999-cu ildə Eleyn Nq Ceki Çandan qızının olduğunu açıqlayıb. Qız uşağı həmin il dünyaya gəlib. Çan sonradan bu münasibəti həyatında etdiyi “səhv” kimi xarakterizə etsə də, qızının böyüməsi ilə bağlı münasibətlər uzun illər mediada müzakirə mövzusu olaraq qalıb. Ceki Çanın karyerasının ən mühüm məqamlarından biri 2016-cı ildə baş verib. Aktyor kino sənətinə verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülüb./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki