Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti 6 ay ərzində bir sıra malların — media materiallarının, tez xarab olan məhsulların, canlı heyvanların, radioaktiv maddələrin, müdafiə və təhlükəsizlik təyinatlı yüklərin, eləcə də fövqəladə hallarda zəruri olan malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlamalıdır.
Eyni zamanda, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş mexanizmləri də işlənəcək.
İqtisadçı ekspert Natiq Cəfərli Referans Media-ya açıqlamasında qərarın ölkədəki biznes mühitinə, rəqabətə və qiymətlərə təsirini qiymətləndirib. Ekspertin sözlərinə görə, bu addım ölkədəki sahibkarlıq fəaliyyətinin canlanmasına birbaşa təkan verəcək:
"Hələlik qərarın özü çox pozitiv qərardır və ölkədəki biznes fəaliyyətinin yaxşılaşdırılmasına kömək edə bilər. Əlbəttə, tam siyahını və bunun tətbiqi ilə bağlı hansı konkret addımların atılacağını biləndən sonra daha dəqiq qiymət vermək mümkündür. Amma dediyim kimi, qərarın özü pozitivdir. Bu, ölkədə bizneslə məşğul olan şəxslərin əməliyyat intensivliyinin artırılmasına, yeni insanların bu sahələrə biznes kimi qoşulmasına şərait yarada bilər."
Natiq Cəfərli vurğulayıb ki, gömrük rüsumlarının və xərclərinin yüksək olması bilavasitə istehlakçıların cibinə təsir edir:
"Çünki gömrük rüsumları çox yüksək olanda bəzi hallarda iş adamları bu sahələrdən yan çəkirlər, uzaq dururlar. Bu da qiymət artımına səbəb olur. O mənada ki, gömrük rüsumlarının son ödəyicisi istənilən halda müştəridir. Yəni biznes gömrük rüsumları və vergilərlə bağlı nə qədər çox ödəniş edirsə, bunun son ödəniş ünvanı məhz vətəndaşlar olur. Onlar bunu ödəməli olurlar — dünyanın hər yerində bu belədir."
Ekspert hesab edir ki, güzəştlərin tətbiqi bazarda qiymətlərin aşağı düşməsi ilə nəticələnə bilər:
"Ona görə də müəyyən güzəştlər olacaqsa, bu sahəyə maraq artacaq, rəqabət güclənə bilər. Bu da həmin sahəyə daxil olan mal və xidmətlər üzrə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Yəni sahəni gözləmək lazımdır və mexanizmlər nə qədər tez tətbiq olunsa, bir o qədər də biznes fəaliyyətinin genişləndirilməsinə şərait yarana bilər."
Sima Babayeva
