Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

İctimai nəqliyyatda hər gün eyni mənzərə: gərginlik, stress, problem….

Paytaxtın ən mühüm magistrallarından olan “8 Noyabr” prospektində hər səhər onlarla insan işə, universitetə, məktəbə və ya xəstəxanaya çatmağa çalışır, amma 20, 21, 46, 72 və 120 nömrəli avtobuslar iş saatlarının pik vaxtında sərnişinlərin əsəblərini tarıma çəkir.

Məsələni sadə şəkildə izah edim. Avtobus dayanacağa yaxınlaşır, ikinci, üçüncü qapının qarşısı boş olur. Sərnişinlər həmin qapılardan rahat şəkildə minə biləcəyi halda sürücü buna icazə vermir. Buna görə də hamı məcburən ön qapıya yönəlir. Bir neçə saniyəyə həll olunacaq minmə prosesi dəqiqələrlə uzanır.

Bir çox hallarda bütün sərnişinlər ön qapıya yönəlir, dayanacaqlarda uzun növbələr yaranır, avtobuslar gecikir, insanlar isə işə və digər təyinat yerlərinə vaxtında çata bilmirlər.

Bəzən sürücülər vicdanlı davranıb qaydanı pozaraq ikinci və ya üçüncü qapıdan minməyə icazə verirlər. Amma bu da problemi həll etmir. Çünki əvvəlki dayanacaqlarda avtobus yalnız ön qapıdan doldurulduğu üçün salon artıq normadan çox sərnişinlə dolmuş olur. İnsanlar şüşələrə sıxılmış vəziyyətdə yol gedirlər.

Xüsusilə saat 08:00 – 10:00 və 18:00 – 20:00 aralığında yaşanan bu problem artıq sistemli hal alıb. Təəssüf ki, onun həlli istiqamətində hər hansı effektiv addım atıldığı müşahidə olunmur. Sanki hər gün yaşanan bu əziyyət artıq adi qəbul edilir.

Hesab edirəm, problemin kökündə “BakuBus” tərəfindən tətbiq olunan avtobuslardan istifadə qaydaları dayanır.

“BakuBus”ın qaydalarına əsasən avtobusa giriş yalnız ön qapıdan həyata keçirilməli, çıxış ikinci və üçüncü qapılardan olmalıdır. Ön qapıdan düşmək, ikinci və üçüncü qapılardan isə minmək qadağandır.

Bu qayda nizam-intizam yaratmağa xidmət edirmiş kimi görünsə də, reallıqda vəziyyət tərsinədir. Çünki avtobusların konstruksiyası buna uyğun deyil. Ön qapı ilə orta qapı arasındakı keçid dardır. Orta qapı ilə arxa qapı arasındakı hissə də eyni vəziyyətdədir. Misal üçün iki artıqçəkili bəzən isə bir iricüssəli sərniş və ya iki böyük xanım yanaşı dayandıqda artıq salonun arxa hissəsinə keçmək mümkün olmur. Sürücü nə qədər “arxaya keçin” desə də, insanlar fiziki olaraq keçə bilmirlər.

Nəticədə ön qapıda sıxlıq kritik həddə çatır, orta hissədə hərəkət çətinləşir, arxa qapının qarşısında isə çox vaxt boş sahə qalır. Yəni avtobusun mövcud sahəsindən səmərəli istifadə edilmir.

Problemin həlli üçün ən azı üç variant nəzərdən keçirilə bilər:

İlk növbədə, sərnişinlərin yalnız ön qapıdan minməsi tələbi ləğv edilməlidir. Avtobusun hər üç qapısından minməyə icazə verilməsi həm dayanacaqlarda vaxt itkisini azaldacaq, həm də salon daxilində sərnişin axınını daha düzgün bölüşdürəcək.

Əgər narahatlıq ödənişə nəzarətlə bağlıdırsa, bunun da həlli var. Avtobusların hər üç qapısında ödəniş terminalları quraşdırılsın. Beləliklə, sərnişin hansı qapıdan minməsindən asılı olmayaraq ödənişini edəcək, daşıyıcı şirkət də zərərə düşməyəcək.

Üçüncü variant isə əvvəllər mövcud olan “konduktor” vəzifəsinin yenidən tətbiq edilməsidir. O, həm sərnişin axınını tənzimləyə, həm ödəniş intizamına nəzarət edə, həm də yaşlılara, əlilliyi olan şəxslərə və uşaqlı valideynlərə kömək göstərə bilər.

İctimai nəqliyyat insanlara rahatlıq gətirməlidir, hər səhər onları əsəb sınağına çəkməməlidir. Qaydalar sistemi rahatlaşdırmaq üçün yazılır. Əgər həmin qaydalar hər gün minlərlə insanın vaxtını alır, işə gecikdirir və avtobusları nəfəs alınmaz vəziyyətə salırsa, onları dəyişmək lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki