Bakıda və bölgələrdə meyvə-tərəvəzin qiymətində artım müşahidə olunur. Satıcılar bahalaşmanı məhsulların alış qiymətinin yüksəlməsi ilə əlaqələndirirlər. Daşınma və digər xərclərin də satış qiymətlərinə təsir etdiyi bildirilir. Paytaxtla bölgələr arasında yaranan qiymət fərqi isə bazarlarda qiymət artımının səbəbləri və onun qarşısının alınması yolları ilə bağlı müzakirələri aktuallaşdırır.
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bakıda və bölgələrdə meyvə-tərəvəzin qiymətində müşahidə olunan artım əsasən istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır.
Onun sözlərinə görə, gübrə, toxum, yanacaq və suvarma xərcləri artdıqca fermerlər məhsulu daha baha qiymətə təklif edirlər. Buna daşınma və logistika xərcləri də əlavə olunur. Xüsusilə yanacağın bahalaşması və sürücü çatışmazlığı məhsulun tarladan bazara çatdırılmasını bahalaşdırır. Soyuducu anbarların və düzgün saxlama şəraitinin çatışmazlığı da itkiləri artırır və bu itkilər son qiymətə əlavə olunur.
İqtisadçı qeyd edib ki, məhsulların alış qiymətinin yüksəlməsi pərakəndə satışa birbaşa təsir göstərir. Topdansatışda 10 qəpik artım pərakəndə satışda 20-30 qəpik bahalaşma kimi əks olunur. Çünki hər vasitəçi öz xərcini və qazancını qiymətə əlavə edir. Daşınma xərcləri də xüsusilə paytaxt üçün mühüm amildir. Bölgələrdən Bakıya gətirilən məhsulun yol xərci, bazar rüsumu və icarə haqqı qiymətləri xeyli artırır.
Akif Nəsirlinin sözlərinə görə, paytaxtla bölgələr arasında qiymət fərqinin əsas səbəbi də budur. Bölgələrdə məhsul yerində satıldığı üçün daha ucuz olur, Bakıda isə onun qiymətinə daşınma, bazar icarəsi və daha yüksək alıcılıq qabiliyyəti təsir göstərir. Bəzi hallarda eyni məhsul Bakıda bölgələrlə müqayisədə 40-50 faiz baha satılır.
Ekspert qiymət artımının qarşısını almaq üçün bir sıra addımların vacib olduğunu vurğulayıb. Onun fikrincə, fermerlərə birbaşa satış imkanları yaradılmalı, vasitəçilərin sayı azaldılmalıdır. Kənd təsərrüfatı yarmarkalarının sayı artırılmalı və onlar ilboyu fəaliyyət göstərməlidir.
Akif Nəsirli əlavə edib ki, soyuducu anbarların sayı artırılmalıdır ki, məhsul mövsümündə yığılıb saxlanılsın və qışda bazara çıxarılsın. Nəqliyyat və logistika subsidiyalarının verilməsi, eləcə də topdansatış mərkəzlərinin yaradılması da qiymətlərin sabitləşməsinə kömək edə bilər.
Gülnaz Abdullazadə
