Şəhid ailələrinə, veteranlara və aztəminatlılara MÜJDƏ: Dövlət hesabına olacaq

Azərbaycanda “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi vətəndaşların dövlət hesabına hüquqi xidmətlərdən yararlanması imkanlarının genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, vəkillərə göstərdikləri xidmətə görə dövlət büdcəsindən ödəniş ediləcək, eyni zamanda onların üzərinə müəyyən öhdəliklər qoyulacaq. Bəs yeni mexanizm aztəminatlı vətəndaşların hüquqi yardıma əlçatanlığını nə dərəcədə artıracaq və nəzərdə tutulan ödənişlər vəkillər üçün yetərli olacaqmı?

Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, sözügedən qanun layihəsi aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının hüquqi yardıma əlçatanlığının artırılması baxımından müsbət addımdır. Belə ki, layihədə aztəminatlı şəxslərlə yanaşı, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məişət zorakılığından zərər çəkmiş şəxslər və digər kateqoriyalara aid vətəndaşların dövlət hesabına hüquqi yardımdan yararlanması nəzərdə tutulur.

Bununla belə, yeni mexanizmin praktikada effektivliyi vəkillərə ödəniləcək xidmət haqlarının məbləğindən də asılı olacaq. Belə ki, qanun layihəsinin 12.1-ci maddəsinə əsasən, peşəkar hüquqi yardımın hər iş saatı üçün 11 manat, ilkin hüquqi yardımın hər bir xidməti üçün isə 6 manat məbləğində ödəniş nəzərdə tutulur. Hesab edirəm ki, xüsusilə mürəkkəb məhkəmə işlərində vəkillərin sərf etdikləri vaxt və daşıdıqları məsuliyyət nəzərə alındıqda, bu məbləğlərin yetərliliyi müzakirə predmetidir.

Digər tərəfdən, layihəyə əsasən, vəkillərin il ərzində azı 30 saat ödənişsiz, yəni “pro bono” hüquqi yardım göstərməsi, bu öhdəlik yerinə yetirilmədikdə isə göstərilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəniş edilməsi nəzərdə tutulur. Pulsuz hüquqi yardım göstərilməsindən əsassız imtinaya görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi də vətəndaşların hüquqi yardıma çıxışının təmin olunmasına xidmət edəcək.

Hüquqşünasın fikrincə, vəkillərin üzərinə əlavə öhdəliklərin qoyulması ilə yanaşı, onların əməyinin adekvat qiymətləndirilməsi və regionlarda hüquqi yardıma əlçatanlığın təmin olunması da vacibdir.

Nəticə etibarilə, yeni mexanizmin uğuru yalnız vəkillər üçün məcburi öhdəliklərin müəyyən edilməsindən deyil, həm də keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün ədalətli maliyyələşmə və effektiv nəzarət sisteminin yaradılmasından asılı olacaq.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki