Avropanın enerji bazarında baş verən dəyişikliklər, yanacaq ehtiyatlarının bazara çıxarılması və neft qiymətlərindəki dalğalanmalar Azərbaycanda benzin və dizelin qiymətinə təsir edə bilərmi? Xüsusilə Avropada yanacaq qiymətlərinin aşağı salınması istiqamətində atılan addımlar fonunda bu məsələnin ölkəmizə mümkün təsirləri maraq doğurur. Digər tərəfdən, 42 milyon barreldən artıq yanacağın bazara çıxarılmasının dünya bazarında qiymətləri ucuzlaşdıracağı ilə bağlı gözləntilər də müzakirə olunur.
Referans Media-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Avropada baş verən proseslərin Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsir göstərməsi gözlənilmir. Onun sözlərinə görə, bunun əsas səbəbi ölkəmizdə yanacaq qiymətlərinin bazar mexanizmi ilə deyil, Tarif Şurası tərəfindən tənzimlənməsidir.
Avropada yanacaq qiymətlərindəki dəyişikliklərin Azərbaycana təsiri barədə danışan iqtisadçı bildirib:
"İkinci məsələdən başlayım, çünki ikinci məsələ daha rahatdır. Xeyr, Avropada nə baş verərsə versin, bunun Azərbaycana heç bir təsiri olmayacaq. Çünki Azərbaycanda qiymətləri Tarif Şurası müəyyənləşdirir. Bu istiqamətdə qiymətləri Tarif Şurası tənzimləyir.
Qiymətlər artırılanda Tarif Şurası onları qaldırır, azaldılması məsələsində isə eyni mexanizm mövcuddur. Yəni görürsünüz ki, qiymətlər ilin əvvəlindən sabitdir.
Ötən ilin sonlarında benzinin qiymətini 10 qəpik, dizelin qiymətini isə səhv etmirəmsə, 20 qəpik artırdılar. Amma bundan sonra qiymətlərdə heç bir dəyişiklik olmayıb. Halbuki həmin vaxt qiymətlər artırılanda neftin bir barelinin qiyməti 60 dollar idi. Sonradan neftin qiyməti aşağı düşdü, lakin yanacağın qiymətini azaltmadılar. Daha sonra neftin qiyməti təxminən iki dəfəyə qədər bahalaşdı, yenə də yanacağın qiymətlərinə müdaxilə edilmədi.
Avropada isə vəziyyət fərqlidir. Orada qiymətləri bazar tənzimləyir. Hökumətlər iqtisadi vasitələrlə bazara və qiymətlərə təsir göstərməyə çalışırlar. Azərbaycanda isə qiymətləri Tarif Şurası müəyyən edir, bazar mexanizmi ilə sərbəst şəkildə formalaşmır, yəni təsbit olunur. Ona görə də Avropada nə baş verirsə versin, bunun Azərbaycanda yanacağın qiymətinə birbaşa təsiri olmayacaq".
42 milyon barreldən artıq yanacağın bazara çıxarılmasının qiymətlərə mümkün təsirinə gəlincə, ekspert qeyd edib:
"42 milyon barreldən çox yanacağın bazara çıxarılması Avropada da qiymətlərin aşağı düşməsinə kömək etməyəcək. Bu addım sadəcə müəyyən gərginliyi, benzin çatışmazlığı riskini aradan qaldırmağa xidmət edəcək.
Çünki hazırda benzinin qiyməti hansısa ölkənin ehtiyatlarının bazara çıxarılması ilə tənzimlənmir. Qiymətlərə əsas təsir göstərən amil neftin qiymətidir. Bu isə daha çox Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında baş verən proseslərdən və həmin ərazidən neft ixracının vəziyyətindən asılıdır.
Qiymətlərə təsir edən əsas faktor Hörmüz boğazındakı vəziyyətdir. Orada baş verən hadisələr, ixracatın vəziyyəti və enerji təchizatında yaranan risklər dünya bazarında qiymətlərin formalaşmasına daha ciddi təsir göstərir".
Beləliklə, ekspertin fikrincə, Avropada yanacaq bazarında baş verən dəyişikliklərin Azərbaycanda benzin və dizelin qiymətinə birbaşa təsir göstərməsi gözlənilmir. Ölkəmizdə qiymətlərin Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi bu məsələdə əsas amildir. Dünya bazarında isə yanacaq ehtiyatlarının istifadəsindən daha çox, Yaxın Şərqdəki vəziyyət və Hörmüz boğazından neft ixracının davamlılığı qiymətlərin gələcək istiqamətinə təsir edə bilər.
