Bakıda yağan intensiv yağışlar paytaxtın nəqliyyat infrastrukturunda növbəti dəfə təhlükəli vəziyyət yaradıb.
Əsas küçə və prospektlərdən birində — Qara Qarayev prospektində hərəkət tamamilə iflic olub.
Referans Media xəbər verir ki, yağış sularının yığılması nəticəsində ərazi sanki dənizi və ya gölü xatırladıb. Ən acınacaqlı məqam isə çağırışa tələsən Təcili Tibbi Yardım avtomobilinin də suda bataraq hərəkətsiz qalmasıdır. Yaranmış acınacaqlı durum nəinki minik avtomobillərinin, hətta həyati əhəmiyyət daşıyan xüsusi təyinatlı nəqliyyat vasitələrinin də hərəkətini mümkünsüz edib.
Yerli sakinlərin və sürücülərin bildirdiyinə görə, ərazidəki drenaj və yağış suları axıdıcı sistemlərin bərbad vəziyyətdə olması hər yağış zamanı analoji mənzərənin yaranmasına səbəb olur. Aidiyyəti qurumların illərdir həll edə bilmədiyi bu problem vətəndaşların təhlükəsizliyini və sağlamlığını birbaşa risk altına qoyur./NOCOMMENT.az/
