Bank kartı və avtomobil açarı ilə bağlı ŞOK XƏBƏRDARLIQ - FOLQAYA SARIN...

Son günlər avtomobil açarını və bank kartını alüminium folqaya sararaq gəzənlərin sayı sürətlə artır. Kənardan adi sosial media trendi kimi görünən bu vərdişin arxasında isə mühüm təhlükəsizlik tədbiri dayanır.

Referans Media  xəbər verir ki, Türkiyənin "Sözcü" qəzetində yer alan məlumata görə, son dövrlərdə sosial mediada sürətlə yayılan bu üsul görənləri təəccübləndirir.

Bir çox insan avtomobil açarlarını və kredit kartlarını alüminium folqaya bükərək gəzdirməyə başlayıb. İlk baxışdan qəribə və ya müvəqqəti sosial media çılğınlığı təsiri bağışlayan bu metodun arxasında isə təhlükəsizliklə bağlı məntiqli səbəb olduğu bildirilir.

Texnologiyanın inkişafı həyatı asanlaşdırsa da, bədniyyətli şəxslərin istifadə edə biləcəyi yeni təhlükələr də yaradır. Xüsusilə açarsız işə salma sisteminə malik avtomobillər və təmassız ödəniş funksiyalı bank kartları rəqəmsal oğruların diqqət mərkəzindədir.

Evinizin qapısının arxasında saxlanılan avtomobil açarının yaydığı siqnalı xüsusi cihazlarla uzaqdan gücləndirən oğrular avtomobili saniyələr ərzində işə salaraq hadisə yerindən uzaqlaşa bilərlər.

Oxşar şəkildə, izdihamlı yerlərdə yanınızdan keçən şəxsin cibinizdəki təmassız kartın siqnalını xüsusi vasitələrlə oxumağa və ya kopyalamağa cəhd edə biləcəyi bildirilir. Bu isə kart məlumatlarının sui-istifadə olunması riskini artırır.

Mütəxəssislər xüsusilə açarsız giriş və işə salma sistemlərindən istifadə edən avtomobil sahiblərinə açarları qoruyucu siqnalbloklayıcı qutularda saxlamağı tövsiyə edirlər. Təmassız bank kartları üçün isə RFID siqnalını bloklayan xüsusi pulqabılardan istifadə təhlükəsizlik tədbirlərindən biri hesab olunur.

Məhz bu məqamda hər mətbəxdə olan ucuz və sadə material – alüminium folqa işə yaraya bilər. Keçirici quruluşa malik olan alüminium folqa müəyyən hallarda siqnalların qarşısını alan örtük rolunu oynaya bilər.

Avtomobil açarını və ya bank kartını folqa ilə boşluq saxlamadan tamamilə bükdükdə, açarın yaydığı radio siqnallarının kənara çıxması, eləcə də kənardan gələn NFC/RFID siqnallarının karta çatması çətinləşə bilər.

Beləliklə, bu üsul əlavə xərc tələb etməyən və tətbiqi asan müvəqqəti təhlükəsizlik tədbiri kimi təqdim olunur.

Bu üsulu tətbiq edənlərin müsbət qiymətləndirdiyi praktik metodun gündəlik istifadədə müəyyən çətinlikləri də var. Folqanın tez-tez cırılması, hər ödəniş zamanı kartı açıb yenidən folqaya bükmək məcburiyyəti bir müddət sonra insanları yorur.

Bu səbəbdən mütəxəssislər folqa üsulunu daha çox müvəqqəti tədbir kimi nəzərdən keçirirlər. Daha rahat və uzunmüddətli həll axtaranlara isə eyni prinsiplə işləyən xüsusi siqnalbloklayıcı örtüklərdən və ya RFID qoruyuculu pulqabılardan istifadə etmək tövsiyə olunur./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki