Cahangir Hacıyev həbsdən çıxmaq istəyir – şansı varmı?

11 ildir həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva yenidən Prezident İlham Əliyevə müraciət edib. O, qardaşının səhhətinin günü-gündən ağırlaşdığını vurğulayaraq, dövlət başçısının prosesə müdaxilə etməsini xahiş edib.

Məhkəmə Zamirə Hacıyeva ilə bağlı qərar verdi

Referans Media-ın məlumatıan görə, Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Bizimyol.info xəbər portalına bildirib ki, keçmiş bank rəhbərində il yarımdır səbəbi bilinməyən səpkilər yaranır. Nəticədə onun əl-ayağı və üzü şişir.

“Hazırda hər iki gözü şişərək, görmə qabiliyyətinin qismən itirilməsinə səbəb olub. Həkimlər neyrodermit (dərinin xroniki iltihabı) diaqnozundan şübhələnirlər. Lakin heç bir müalicə aparmırlar. Çox təəssüf ki, ixtisaslı yardım göstərmək üçün ailəsinin göndərdiyi həkimləri də onun yanına buraxmırlar”, – deyə vəkil bildirib.

Fəxrəddin Mehdiyev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ürək xəstəliyi ilə əlaqədar son 13 saylı cəzaçəkmə müəssisəsinə təcili tibbi yardım çağırılıb. Vəkil əlavə edib ki, Cahangir Hacıyevin davamlı və hərtərəfli müalicəyə ehtiyacı var. Müdafiəçinin sözlərinə görə, ürək damarlarının diaqnostikasını (koronoqrafiyanı) təcili aparmaq lazımdır.

Fəxrəddin Mehdiyev bildirib ki, yaranmış vəziyyət barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbərliyinə məlumat verilib. Lakin müraciətlər nəticəsiz qalıb.

Vəkilin sözlərinə görə, ədliyyə naziri ilə görüşə də imkan yaradılmır. O, bütün bunların Cahangir Hacıyevin xroniki xəstəliklərinin fonunda baş verdiyini vurğulayıb.

Keçmiş bank rəhbərinin “Hashimoto” sindromu, aorta anevrizması, hipoksiya və başqa xəstəlikləri də var. Vəkil hesab edir ki, bu xəstəliklərin müalicəsiz qalması, üstəlik, cəzaçəkmə müəssisəsində məhkumların saxlandığı yataqxanaların həddindən artıq dolu olması insan həyatı üçün təhlükə yaradır.

1961-ci il təvəllüdlü Cahangir Hacıyev 14 il (2001–2015) ərzində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub. 2015-ci il martın 18-də bu vəzifədən istefa verib, həmin ilin dekabrında isə həbs olunub. O, əvvəlcə 15 il azadlıqdan məhrum edilib. Bir neçə il sonra onun barəsində ikinci hökm çıxarılaraq cəzası 16 il 3 aya çatdırılıb.

Hüquqi baxımdan ağır xəstəlik avtomatik olaraq məhkumun azadlığa buraxılması demək deyil. Bunun üçün xəstəliyin xarakteri, müalicə imkanları, tibbi komissiyanın rəyi və qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Yəni Hacıyevin həbsdən çıxması məsələsində həlledici amil yalnız ailənin müraciəti deyil, onun sağlamlıq vəziyyətini təsdiqləyən rəsmi tibbi sənədlər və məhkəmənin hüquqi qiymətləndirməsi olacaq.

Qanun nə deyir? Xəstə məhkumun müalicəsi necə həyata keçirilməlidir? Dövlətin məhkumu müalicə etmək imkanı yoxdursa, bu halda ailəsi həkim çağıra bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a bildirib ki, Azərbaycan qanunvericiliyinə — əsasən İcra Məcəlləsinə və Cinayət Məcəlləsinə görə məhkumların tibbi təminatı və ağır xəstəliklə əlaqədar cəzadan azad edilməsi konkret hüquqi prosedurlarla tənzimlənir:

“Cəzaçəkmə müəssisələrində məhkumların ilkin tibbi yardımı və müalicəsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və müəssisənin tibb hissəsi vasitəsilə həyata keçirilir. Xəstəliyin ağırlığından və xarakterindən asılı olaraq məhkum ixtisaslaşmış müalicə müəssisəsinə və ya zərurət yarandıqda digər tibb müəssisələrinə yönləndirilə bilər. Vəziyyət kəskinləşdikdə müayinə aparılır, təcili yardım cəlb olunur və rəsmi tibbi sənədlər tərtib edilir.

Dövlətin müalicə imkanlarının yetərli olmaması iddiası ilə bağlı məsələyə gəlincə, qanunvericilikdə kənar həkimlərin müəssisəyə sərbəst daxil olub müalicə aparması avtomatik hüquq kimi təsbit olunmayıb. Bu, müəssisənin daxili intizam, rejim və təhlükəsizlik qaydaları çərçivəsində, səlahiyyətli qurumların icazəsi ilə tənzimlənir. Əgər xəstəliyin mövcud şəraitdə müalicəsi mümkün deyilsə, bu hal səlahiyyətli tibbi komissiyanın rəyi əsasında qiymətləndirilir və ya ixtisaslaşmış tibb müəssisəsinə köçürülmə, ya da xəstəliyə görə cəzadan azad etmə mexanizmi işə düşür. Ailə və vəkil isə tibbi sənədlərin əldə olunması, əlavə müayinə və konsultasiyaların təşkili üçün aidiyyəti qurumlara və məhkəməyə müraciət etmək hüququna malikdir”.

Xəstəlik səbəbindən azadlığa çıxmaq şansına gəlincə, hüquqşünas deyib ki, ağır və ya xroniki xəstəliyin mövcudluğu təkbaşına avtomatik azadlığa buraxılma əsası yaratmır: “Bunun üçün diaqnozun qanunvericilikdə nəzərdə tutulan meyarlara cavab verməsi, səlahiyyətli tibbi komissiyanın rəsmi rəyi və bütün halları hüquqi müstəvidə qiymətləndirən məhkəmənin qərarı tələb olunur. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan digər hüquqi institutların da öz ayrıca şərtləri var. Odur ki, yekun nəticə tibbi sənədlərin məzmunundan, komissiyanın rəyindən və məhkəmənin hüquqi qiymətləndirməsindən asılı olacaq”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki