“Təhsil sistemimizdəki əsas problemlərdən biri şagirdə müəllimin təsirinin valideyndən az olmasıdır. Bu, cəmiyyətin aydın gələcəyi baxımından düşündürücüdür”.
Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
“Xüsusilə Bakı məktəblərində şagird sıxlığı böyük problemdir. Məsələn, 192 saylı məktəbdə 850 şagird yeri olduğu halda, 2551 uşaq təhsil alır ki, bu da layihə tutumundan üç dəfə çoxdur.
Dərs saatı ərzində müəllimin bir şagirdlə məşğul olması üçün cəmi 30 saniyə vaxt qalır, idman zalı isə 25 kvadratmetr sahəyə və 3 metr hündürlüyə malikdir.
Bu problemlə bağlı cənab Baş nazirə məktub ünvanlanıb. Məktəblərin həyətində yer olan ərazilərdə 10-15 sinif otağından ibarət modul tipli korpusların salınması sıxlığı minimum iki dəfə aşağı sala, dərsin keyfiyyətinə və növbəlilik məsələsinə müsbət təsir göstərə bilər”, – F.Mustafa qeyd edib.
