Evinizin hər küncünü yoxlayın – ƏHALİYƏ XƏBƏRDARLIQ

Havaların soyuması ilə qəhvəyi mərmər bağacığının qışlama dövrü başlayır. Zərərverici soyuqdan qorunmaq üçün yaşayış evlərinə, çardaqlara, anbarlara və digər tikililərə sığınır. Onun qışlama yerlərində məhv edilməsi isə yaz aylarında sayının azalmasına kömək edə bilər.

Bu barədə Referans Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradır. Zərərverici məhsuldarlığın azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur.

AQTA-nın məlumatına görə, payız-qış mövsümü bu zərərvericiyə qarşı profilaktik mübarizə tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qəhvəyi mərmər bağacığı qışlamaq üçün qapı-pəncərə boşluqlarında, divar çatlarında, odun və taxta yığınlarında, köhnə paltar, pərdə və karton qutular arasında gizlənə bilər.


Zərərvericinin qışlama imkanlarını məhdudlaşdırmaq üçün yaşayış evlərində, çardaqlarda, anbarlarda və digər köməkçi tikililərdə mütəmadi təmizlik işlərinin aparılması tövsiyə olunur. Qapı-pəncərə boşluqları və divarlardakı çatlar bağlanmalı, pəncərələrə qoruyucu torlar quraşdırılmalıdır. Əşyaların arxa hissələri, qaranlıq guşələr və uzun müddət istifadə olunmayan sahələr də diqqətlə yoxlanılmalıdır.

Qəhvəyi mərmər bağacığı aşkar edildikdə onun süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi məsləhət görülür. Xüsusilə qışlama yerlərində toplanan zərərvericilərin mexaniki üsulla məhv edilməsi onların növbəti vegetasiya dövründə sayının azalmasına kömək edə bilər.

Yaşayış sahələrində kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi əsasında və təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilməlidir.

AQTA vətəndaşları zərərvericiyə qarşı mübarizə tədbirlərində fəal iştirak etməyə çağırıb.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilə bağlı ətraflı məlumat almaq üçün 1003 Çağrı Mərkəzinə, həmçinin Şimal-şərq rayonları üzrə +994 77 597 68 63, Şimal-qərb rayonları üzrə isə +994 77 597 68 64 nömrələrinə müraciət etmək mümkündür.

Agentlik vurğulayıb ki, mübarizə tədbirləri yalnız kənd təsərrüfatı sahələrində deyil, yaşayış evlərində və təsərrüfat tikililərində də aparılmalıdır. Profilaktik tədbirlərin vaxtında və mütəmadi görülməsi zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılmasına, populyasiyasının azalmasına və kənd təsərrüfatı bitkilərinin qorunmasına töhfə verə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki