Otağın ətrafınızda fırlandığı və ya yerin ayağınızın altından qaçdığı hissiyatı milyonlarla insanın üzləşdiyi təhlükəli hal ola bilər.
Referans Media xəbər verir ki, Mayo Klinikasının məlumatına görə, böyüklərdə bu vəziyyətin əsas səbəbi məhz daxili qulaqdakı kristallardır.
Mütəxəssislər vurğulayırlar ki, vertiqo adi başgicəllənmədən tamamilə fərqlidir.
Adi başgicəllənmə zamanı insan sadəcə zəiflik və ya tarazlığı itirdiyini hiss edirsə, vertigoda hər şey baş-ayaq olur. Adama elə gəlir ki, ya özü, ya da ətrafdakı bütün əşyalar fırlanır.
Mütəxəssislərin sözlərinə görə, bu hal adətən başın vəziyyəti dəyişdikdə, yataqdan qalxanda, uzananda və ya əyiləndə baş verir.
Səbəb isə daxili qulaqda yerləşən və yerindən oynamış balaca kristallardır. Normalda onlar bədənin vəziyyətini tənzimləməyə kömək etsə də, yerindən tərpənəndə beyinə yalançı hərəkət siqnalları ötürürlər.
Həkimlər bu xəstəliyi xüsusi test vasitəsilə təyin edirlər. Əsas müalicə üsulu isə başın müəyyən istiqamətlərdə hərəkət etdirilməsidir ki, bu da həmin kristalları öz yerinə qaytarır.
Xəstələrin əksəriyyətində bu üsul elə ilk prosedurdan sonra kömək edir. Lakin təəssüf ki, uğurla müalicə olunan insanların yarısında problem bir il ərzində yenidən qayıdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, vertigo həm də daxili qulağın və ya sinirlərin iltihabı, yaxud Menyer xəstəliyi ilə əlaqədar ola bilər. Buna görə də təhlükəli simptomlar təkrarlanarsa, səbəbi müəyyənləşdirmək və müalicə seçmək üçün mütləq həkimə müraciət etmək vacibdir./Musavat.com/
