Macarıstanın Baş naziri Peter Madyar ölkə vətəndaşlarına müraciət edərək güclü istilər və "Pakş" atom elektrik stansiyasının tam dayandırılması səbəbindən qarşıda çətin beş günlük dövrün olduğunu bildirib.
Referans Media xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
"Biz qarşıdakı ən kritik beş günün astanasındayıq. Sabah "Pakş" AES artıq elektrik enerjisi istehsal etməyəcək və ən isti, 40 dərəcəli günlər başlayacaq. Bizim elektrik enerjisi sistemimiz, kommunal xidmətlərimiz böyük yükə məruz qalacaq", - deyə Madyar bildirib.
O, həmçinin vətəndaşları elektrik enerjisindən istifadəyə "daha şüurlu" yanaşmağa, xüsusilə də yüksək yüklənmə dövrlərində qənaət etməyə çağırıb.
Onun sözlərinə görə, elektrik enerjisi sərfiyyatını saat 17:00-dan 22:00-dək, xüsusilə də 18:00-dan 21:00-dək azaltmaq lazımdır.
Referans Media xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.
Baş nazir bildirib ki, Dunay çayında suyun səviyyəsinin daha da aşağı düşməsi ilə əlaqədar avqustun 2-nə keçən gecə saat 01:30-da (Bakı vaxtı ilə saat 03:30) stansiyanın sondan əvvəlki enerji bloku da söndürüləcək.
"Beləliklə, stansiyanın gücü 240 meqavata qədər azalacaq və səhər saatlarında, son 44 ildə ilk dəfə olaraq, "Pakş" AES tamamilə fəaliyyətini dayandıracaq", - deyə Peter Madyar qeyd edib.
Bundan əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, Macarıstan hökuməti Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən "Pakş" AES-in fəaliyyətinin bir neçə həftəlik dayandırılmasına icazə verib. Bildirilir ki, suyun azalması reaktorların soyudulması prosesini çətinləşdirir. İlkin plana əsasən, stansiyanın fəaliyyətini avqustun 3-də dayandırması nəzərdə tutulurdu.
Qeyd edək ki, Mərkəzi Avropada müşahidə olunan anomal istilər və quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsi son illərin ən aşağı həddinə enib. Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan yaranmış vəziyyəti ölkə üçün misli görünməmiş hadisə kimi qiymətləndirib.
