"Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur" – mühüm detallar

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün yeni xüsusi nümayəndə təyin etməyə tələsmir.

 Referans Media xəbər verir ki, bunun səbəblərindən biri belə bir formata artıq ehtiyac qalmaması ola bilər.

Şərqşünas Armen Petrosyan baş nazir Nikol Paşinyanın Ankara ilə işin bundan sonra hansı formatda davam etdirilməsinin müəyyənləşdirilməli olduğu barədə açıqlamasını şərh edərkən belə deyib.

Petrosyan xatırladıb ki, 2021-ci ildə xüsusi nümayəndələr təyin olunarkən Ermənistanla Türkiyə arasında birbaşa əlaqələr demək olar ki, yox idi. Hazırda isə həm ölkə liderləri, həm də xarici işlər nazirləri səviyyəsində təmaslar qurulub.

Ekspertin fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi qismən davam edir, qismən isə Türkiyənin irəli sürdüyü ilkin şərtlər səbəbindən dondurulmuş vəziyyətdədir.

Petrosyan hesab edir ki, prosesdə əsas amil Bakı olaraq qalır. Onun sözlərinə görə, Türkiyə Ermənistanla dialoqun gedişini Azərbaycan-Ermənistan danışıqlarının nəticələri ilə əlaqələndirməyə davam edir.

Ekspert Azərbaycanın Ankarada qəbul edilən qərarlara güclü təsirini nəzərə alaraq, Ermənistan-Türkiyə normallaşma danışıqlarının hazırda daha çox texniki xarakter daşıdığı qənaətindədir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki