Belçikada tənəffüs yolu infeksiyaları artıb: ölkə üzrə “narıncı” həyəcan siqnalı

Belçikada tənəffüs yolu infeksiyalarının (qrip, RSV və s.) artması səbəbindən ölkə üzrə “narıncı” həyəcan səviyyəsi (Code Orange) tətbiq olunub.

Federal Səhiyyə Nazirliyindən verilən məlumata görə, Belçika Risklərin İdarə Edilməsi Qrupu (RMG) qış aylarında qrip və digər tənəffüs yolu viruslarının yayılmasının sürətlənməsi, eləcə də səhiyyə sistemi üzərində yükün artması fonunda xəbərdarlıq səviyyəsini sarıdan narıncıya qaldırıb.

Federal səhiyyə qurumları xüsusilə qızdırma, öskürək və boğaz ağrısı kimi simptomlar göstərən şəxslərə evdə qalmağı, simptomların başlanmasından etibarən ən azı beş gün ərzində maska taxmağı, eləcə də qapalı və izdihamlı məkanlarda maskadan istifadə etməyi tövsiyə edir.

“Narıncı kod” xəbərdarlığı qış virus mövsümü ərzində yoluxma saylarındakı tendensiya və səhiyyə sisteminin tutumu nəzərə alınmaqla qiymətləndirilərək qüvvədə saxlanılır.

Qeyd edək ki, Belçikada tənəffüs yolu infeksiyalarının yayılmasını izləmək və ictimai səhiyyə tədbirlərini yönləndirmək məqsədilə 2023-cü ilin yayında tətbiq olunan “Respi-Radar” sistemi virusların dövriyyəsini və səhiyyə sisteminə təsiri yaşıl, sarı, narıncı və qırmızı olmaqla dörd risk səviyyəsi üzrə monitorinq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki