image-mourinho-benficabackend

Benfikada Joze Mourinyodan sərt reaksiya: komandasını qalib elan etdi

Portuqaliya çempionatında “Benfika” ilə “Braqa” arasında keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra baş məşqçi Joze Mourinyo verdiyi açıqlamalarla gündəmə gəlib. Təcrübəli mütəxəssis mübahisəli epizodlara toxunaraq komandasının görüşdən qalib ayrıldığını iddia edib.

Referans Media xəbər verir ki, “Benfika” və “Braqa” qarşılaşmasında hesab 29-cu dəqiqədə Nikola Otamendinin qolu ilə açılıb. 38-ci dəqiqədə Rodrigo Zalasar penaltidən fərqlənərək bərabərlik yaradıb. İlk hissənin sonlarına yaxın P. Viktorun qolu ilə meydan sahibləri 2:1 önə keçib. İkinci hissədə 53-cü dəqiqədə Fredrik Aursnes “Benfika”ya bərabərlik gətirsə də, oyunda başqa qol qeydə alınmayıb. Matçın 90+4-cü dəqiqəsində “Braqa”dan Rikardo Horta qırmızı vərəqə alaraq meydandan qovulub.

Görüşün 76-cı dəqiqəsində “Benfika” əvvəlcə penalti tələb edib, daha sonra isə topu tora göndərib. Lakin epizodda qayda pozuntusu qeydə alındığı üçün qol ləğv olunub. VAR-da baxılan mövqedə penalti verilməyib. Hakim topun yaxın məsafədən əl ilə təmas etdiyini və qəsd olmadığını əsas gətirərək oyunu davam etdirib.

Matçdan sonra mətbuata açıqlama verən Joze Mourinyo sərt mövqe sərgiləyib: “Bu, böyük qələbə idi. İlk hissədə ‘Braqa’ bizdən daha yaxşı idi, amma qısa müddətdə üstünlüyümüzü qəbul etdirdik. Standart vəziyyətdən qol vurduq. İkinci hissədə meydanda yalnız ‘Benfika’ var idi. Oyunçular məsuliyyəti üzərlərinə götürdülər və nəticəni dəyişdirdilər. Burada 3:2 hesabı ilə qalib gəldik. Biz qazandıq.”

Mourinyo həmçinin ləğv edilən qol epizoduna da toxunaraq, VAR görüntülərini dəfələrlə izlədiyini və qolun qaydalara uyğun olduğunu iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki