Bu müharibənin qalibi ABŞ olacaq – Sensasion açıqlamalar

“ABŞ ilə İran arasında bu ilin fevral ayından başlanmış müharibənin Birləşmiş Ştatlar tərəfindən bəyan olunan səbəbi İranın nüvə silahına sahiblənməsi təhlükəsi olsa da, gerçək olan səbəb tək bu deyil”. 

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bunu Musavat.com-a açıqlaması zamanı bildirib. ABŞ və İran prezidentlərinin Memorandum imzalamasından sonra tərəflər arasında gərginliyin yenidən baş qaldırmasını və İranın atəşkəsi pozmasına cavab zərbələrinin endirməsinin səbəblərindən bəhs edən eks-nazir bildirib ki, gerçək olan ABŞ-nin İranın neft və qaz ehtiyatları üzərində nəzarəti ələ keçirmək kimi bir mücadiləsidir: “Əslində dünya hegemonluğunu qoruyub - saxlamağa və onu digərləri üçün əlçatmaz etməyə çalışan bir dövlətin ambisiyaları anlaşılan olmalıdır. ABŞ-İran cəbhəsində dünən, bu gün baş verənlər və bundan sonra baş verəcəklərin arxasında ilk sırada Ağ Evin iqtisadi və biznes maraqları dayanır. Bəli, ABŞ İranın nüvə dövləti olmasına qarşı qətiyyətlə mübarizə aparır. Biz bunu gördük. Bilirsinizmi, bu qətiyyətli mübarizənin əsil səbəbi nədir? Burada məsələ heç də İranı nüvə silahına sahiblənməkdən məhrum etmək deyil. Əsas məsələ budur ki, əgər İran nüvə silahına sahiblənərsə, ondan sonra ABŞ-nin İranın enerji resurslarına nəzarəti həyata keçirtmək kimi xəyalları puç olacaq. Bu dediklərimiz səhnədə hər kəsin gördüyü müharibənin səhnə arxasında dayanan məqamlarıdır. 

Bu gün ABŞ və İran arasında bağlanmış Memorandumda əks olunan məsələlər tərəflərin heç birinə hər hansı bir hüquqi məsuliyyət yaratmır. Və deməli, lazım gələndə orada yazılanların hər bir bəndin anındaca ayaqlar altına alması mümkündür. Ən doğrusu isə budur ki, həmin sənəddə əks olunmuş niyyətlərin əksəriyyətinin reallaşdırılması qeyri-mümkündür. Qəribədir, tərəflərdən heç biri bu müharibədə öz istəyinə çatmasa da, hər iki tərəf özünü bu müharibədə qalib hesab edir. Tarixdə hər iki tərəfin qələbəsi ilə yekunlaşan bir müharibə haqqında kimsə nəsə bilirmi? Yəni bu absurddur. Deməli, absurd olduğu qədər də oyundur”. 

F.Yusifov hesab edir ki, ən doğru olan isə budur: “Tərəflərin hər ikisinə də bu müharibəni qalibiyyətlə başa vurmaq üçün vaxt lazım idi və imzalanmış Memorandum hər iki tərəfə bu vaxtı verir. İran 60 gün ərzində - bu müddət başa çatdıqdan sonra tərəflərin hər şeyi tam razılaşdırması üçün əlavə vaxtın lazım gəldiyini bəhanə edərək müddətin daha bir 60 gün uzadılması heç şübhəsiz ki, baş verəcək - neftini sataraq, ölkəsinə valyuta axınını təmin etmək istəyir. Bu gün bu müharibədə molla rejiminin daha çox qorxduğu məsələ ABŞ - İsrail cütlüyünün İranı bombardman etməsi deyil, daxili etirazların qızışa bilməsi və ac xalqın ayağa qalxmasıdır. Neft gəlirləri bu vəziyyəti nizama salmaq üçün molla rejiminə hava, su kimi lazımdır. Başqa bir məsələ İranın raket və dron istehsalının daha təhlükəsiz bir yerə daşımaq istəyidir ki, İran 60 gün ərzində bunu etməyə çalışacaq”. Sabiq nazirin fikrincə, nə olursa - olsun, İran nüvə proqramından əl çəkən deyil: “İran üçün bölgədə nüvə silahı olan İsrail kimi bir düşmənlə qarşıdurmada məğlub olmamağın yeganə düsturu nüvə silahına yiyələnməkdir. Bunun alternativi yoxdur! ABŞ 110 gündən çox bir zaman kəsiyində İranı mümkün silahlarla vurdu. Lakin istədiyi nəticəni ala bilmədi. Və sonda aydınlaşdı ki, Birləşmiş Ştatlar özünün “Patriot”, “Tomahawk” kimi raketlərini, həmçinin ölkənin dərinlikləri vura bilən unikal bombalarının böyük bir hissəsini bu müharibədə israf edib və bu resursların qısa zaman kəsiyində bərpa edilməsi üçün həm yüz milyardlarla dollar əlavə vəsait, bir qədər vaxt, həm də yeni istehsalçılar lazımdır. Heç də əbəs deyil ki, Ağ Ev bu arada Konqresdən hərbi xərclər üçün əlavə olaraq 300 milyard dollar ayrılmasını istədi. Tramp adminstirasiyası eyni zamanda ABŞ-nin ən böyük avtomobil istehsalçıları olan “Ford” və “GM” kimi nəhəngləri “Tomahawk” raketlərini istehsal etmək üçün dəvət etdi və onlar da dərhal razılaşdılar. Belə müəssisələr üçün müdafiə sifarişlərini yerinə yetirmək böyük mənfəət gətirən etibarlı layihələr hesab olunur”. 

ABŞ və İran arasında Memorandum imzalanmasına baxmayaraq, kritik vəziyyətin yaranması müharibə alovunun genişlənəcəyi təhlükəsini yaradır. Digər tərəfdən bir neçə saat əvvəl Ağ Evin sahibi Donald Tramp iranlı həmkarı Məsud Pezeşkianla anlaşma imzalamasına baxmayaraq, bildirib ki, ABŞ nə vaxtsa İrana qarşı hərbi əməliyyatları bərpa etməyə məcbur olacaq və bu halda, ölkənin mövcudluğuna son qoyula bilər.

Tramp Truth Social hesabında yazıb: "Onların (İran rəsmilərinin – red.) heç vaxt dərs çıxarmamaları tamamilə mümkündür! Artıq rasional hərəkət edə bilməyəcəyimiz və uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağımız bir nöqtə gələ bilər. Əgər bu baş verərsə, İran İslam Respublikasının mövcudluğuna son qoyulacaq".

Bu, kifayət qədər ciddi xəbərdarlıqdır və çox böyük fəlakətlərin anonsu sayıla bilər.

 F.Yusifov bu barədə danışarkən vacib bir paralellik apardı: “Bütün bunların fonunda ABŞ ilə İran arasında bu ilin iyun ayının 17-də imzalanmış Memorandum mənə 1939-cu ilin avqust ayının 23-də Almaniya ilə SSRİ adasında imzalanmış məhşur Molotov-Rubbentrop Paktını xatırladır. Bu sənədin açıq hissəsində tərəflərin 10 il müddətində bir-birinə hücum etməmək haqıında öhdəliyi öz əksini tapıb. Sənədin ikinci hissəsi olan gizli protokolla isə iki diktatorun - Stalin və Hitlerin istəyi ilə Polşanın şərqinin, Pribaltika respublikalarının, Finlandiyanın və Rumıniyanın bir parçası olmuş Bessarabiyanın (indiki Moldovanın) SSRİ-nin nəzarətinə keçməsi, Polşanın qərbinin isə Almaniyanın nəzarətinə keçməsi nəzərdə tutulurdu. Bu sənədin imzalanmasından bir həftə sonra, sentyabr ayının 1-də Almaniya, sentyabrın 17-də isə SSRİ Polşaya hücum etdi və beləliklə, 75 milyon insanın ölümünə səbəb olmuş İkinci Dünya Müharibəsi başladı. 

Almaniya və SSRİ-nin isə bir-birinə 10 il ərzində hücum etməmək haqqındakı öhdəlikləri müqavilə bağlananadan bir il on ay sonra, 1941-ci ilin iyun ayının 22-də pozuldu, Almaniya məhşur “Barbarossa planı" ilə SSRİ-yə hücum etdi. 

Molotov-Rubbenşteyn Paktı ilə Almaniya və SSRİ-nin 10 il müddətində bir-birinə hücum etməmək haqqında götürdükləri öhdəliklər əslində hər iki tərəfin bilərəkdən bir - birini aldatmaq cəhdi idi. Qarşıdakı böyük müharibə öncəsi tərəflərə vaxt əldə etmək lazım idi. Hitler SSRİ-yə hücum etməzdən öncə Fransa və İngiltərə ilə münasibətlərini aydınlaşdırmaq istəyirdi və bu zaman ona eyni vaxtda həm də SSRİ ilə müharibə aparmaq lazım deyildi. Stalin də Almaniya ilə müharibənin qaçılmaz olduğunu bildiyindən, ordunu möhkəmləndirmək üçün vaxt qazanmağa çalışırdı.

Bu gün ABŞ ilə İran arasında bağlanmış Memorandum və ya 60 günün tamamında bağlanacaq sülh müqaviləsi də vaxtilə SSRİ ilə Almaniya arasında bağlanmış Molotov Robbenşteyn sülh müqaviləsindən mahiyyət etibarilə bir o qədər də fərqlənmir. Bu iki ölkə arasında müharibə bitməyib, sadəcə, tərəflərə müharibəni qalibiyyətlə yekunlaşdırmaq üçün daha yaxşı hazırlaşmaq lazımdır və bütün hallar üçün bu müharibənin qalibi dünya neftinin nəzarət zərfinə tam sahiblənmək istəyən ABŞ olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki