Dözülməz istilər faciəyə çevrildi – 109 nəfər həyatını itirdi

Fransanın paytaxtı Parisdə müşahidə olunan kəskin isti hava şəraitinin ağır nəticələri ortaya çıxıb.

“Yeni Sabah” xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, son sutka ərzində paytaxtda həddindən artıq istilər səbəbindən 109 nəfər həyatını itirib.

Bildirilir ki, açıqlanan statistikaya yalnız evlərdə və ictimai yerlərdə qeydə alınan ölüm halları daxildir. Qocalar evləri və xəstəxanalarda baş verən ölümlər bu rəqəmə daxil edilməyib. 

İsti hava dalğasının təsiri ilə Parisdə fəaliyyət göstərən xəstəxanalar fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan “təcili yardım planı”nı işə salıb. Bu plan çərçivəsində məzuniyyətdə olan tibb işçiləri xidmətə cəlb edilir, xəstəxanalarda çarpayı sayı artırılır və təcili olmayan əməliyyatlar təxirə salınır.

Məlumata görə, Paris və ətraf bölgələr də daxil olmaqla 37 əyalətdə qırmızı, daha 48 əyalətdə isə narıncı təhlükə səviyyəsi elan edilib. Səlahiyyətli qurumlar sakinləri zəruri olmadıqca açıq havaya çıxmamağa və isti havadan qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl etməyə çağırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki