Bu rayonda 15 ildir oğurluq hadisəsi qeydə alınmayıb – Türkiyənin ən sakit rayonlarından biri

Kütahyanın Aslanapa rayonunun bələdiyyə sədri Necati Kulik bildirib ki, rayonda asayişlə bağlı hər hansı mənfi hal yaşanmır və Aslanapa təhlükəsiz, sakit bir yaşayış məntəqəsi kimi seçilir.

Kulik açıqlamasında rayonda cinayət hadisələrinin demək olar ki, baş vermədiyini vurğulayaraq deyib: “Rayonumuzda ciddi şəkildə törədilmiş hər hansı bir cinayət yoxdur. Sakinlərimiz son dərəcə həssas və məsuliyyətlidir. Hər kəs əmlakını, avtomobilini rahatlıqla çöldə saxlaya bilir. Tikinti materialları, marketlər və kiçik dükanlar açıq vəziyyətdə qala bilir. Heç kim başqasının malına göz dikmir.”

Aslanapanın bu xüsusiyyəti ilə tanınmasından məmnunluq duyduğunu bildirən bələdiyyə sədri qeyd edib ki, rayon sakinləri bir-birinin malına və canına hörmətlə yanaşır: “Bu vəziyyət bizi çox sevindirir. Vətəndaşlarımıza təşəkkür edirəm, Allah hamısından razı olsun.”

Rayonda siyasi və ya təhlükəsizliklə bağlı hər hansı mənfi hadisənin qeydə alınmadığını bildirən Kulik, mövcud sakitliyin əsas səbəbinin insanların bir-birinə olan qarşılıqlı hörməti olduğunu söyləyib. Uzun müddətdir asayiş pozuntusunun yaşanmadığını deyən Kulik əlavə edib:“Artıq iki-üç ildir burada çalışıram, bundan əvvəl də rayonu yaxşı tanıyırdım. Nə kəndlərimizdə, nə də rayon mərkəzində bu günə qədər ciddi hadisə baş verməyib.”

Rayonun əhali göstəricilərinə də toxunan Kulik bildirib ki, Aslanapanın kəndləri ilə birlikdə ümumi əhalisi təxminən 8 min 700 nəfərdir, rayon mərkəzində isə bu rəqəm 2 minə yaxındır. Yanvar ayından etibarən məhəllə sayının dörddən beşə çatdırılacağını deyən Kulik, hazırda rayonda 30 kəndin mövcud olduğunu qeyd edib.

Aslanapada oğurluq hadisələrinin demək olar ki, yox səviyyəsində olduğunu vurğulayan bələdiyyə sədri sözlərini belə tamamlayıb: “Təxminən 15 ildir belə bir hadisəyə nə şahid olmuşam, nə də eşitmişəm. Təhlükəsizlik orqanları bunu daha dəqiq bilir, lakin rayonda şükürlər olsun ki, sakitlik və əmin-amanlıq davam edir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki