image-meloni1backend

Çılğın Meloni Bakıya niyə gəlir? – KRİTİK gedişat

İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri planlaşdırılır. “Euronews” xəbər verir ki, səfərin əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olacaq. Qeyd olunub ki, xüsusilə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin artırılması imkanları görüşün ən vacib hissəsini təşkil edəcək.

Musavat.com xatırladır ki, ötən il sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarella ölkəmizə rəsmi səfər edib. Bu il isə xanım baş nazir gəlir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır.

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz tədarük edir. Hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Neftimiz İtaliyanın neft balansında birinci yerdə, qazımız isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Onu da bildirək ki, Meloni Avropada ən çılğın və emosional siyasətçilərdən biridir. Albaniya baş naziri və Fransa prezidenti ona xüsusi simpatiya bəslədiklərini nümayiş etdiriblər.

Meloninin Bakı səfəri çərçivəsində hansı yeni razılaşmalar imzalana bilər?

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Ağamalı Musavat.com-a deyib ki, Meloninin yaxın həftələrdə Bakıya reallaşacaq səfəri Avropanın enerji arxitekturasında Azərbaycanın artan strateji çəkisini və Romanın bu mürəkkəb geosiyasi konfiqurasiyadakı xüsusi rolunu bir daha nümayiş etdirir: “Sözügedən diplomatik gedişat, Avropa qitəsinin enerji təhlükəsizliyi naminə atılan uzunmüddətli və həlledici addımdır. Bakıdakı müzakirə masasında əsas ağırlıq mərkəzini konkret rəqəmlər, kubmetrlər və gələcək investisiya kvotaları təşkil edəcək. Trans-Adriatik boru kəmərinin (TAP) ötürücülük gücünün artırılması İtaliya üçün həm iqtisadi güc, həm də daxili sənaye potensialını qorumaq üçün milli təhlükəsizlik məsələsidir. Azərbaycanın Avropa İttifaqı daxilindəki ən etibarlı tərəfdaşı olan İtaliya ilə münasibətləri ikitərəfli formatın sərhədlərini aşaraq regional sabitlik faktoruna çevrilib. Faktiki olaraq Roma rəsmi Bakının Brüssel dəhlizlərindəki ən güclü və balanslı səslərindən biri kimi çıxış edir. İtaliyanın neft balansında Azərbaycanın birinci, qaz təchizatında isə ikinci sıraya yüksəlməsi İtaliya iqtisadiyyatının Bakıdan gələn enerji axını ilə sıx bağlılığını şərtləndirir. Meloninin səfəri enerji mənbələrini şaxələndirmək və alternativ marşrutlar tapmaq istəyən Qərb paytaxtları üçün Azərbaycanın vazkeçilməz tərəfdaş statusunu bir daha beynəlxalq müstəvidə təsdiqləmiş olacaq”.

Deputat bildirib ki, siyasi mənzərəyə daha geniş bucaqdan baxdıqda, bu gəliş İtaliyanın Cənubi Qafqazda aktivləşən maraqlarının bariz göstəricisidir: “Fransa kimi bəzi Avropa ölkələrinin regionda sərgilədiyi birtərəfli və gərginliyi artıran ritorikasından fərqli olaraq, İtaliya daha balanslı, praqmatik və qarşılıqlı mənfəətə əsaslanan xətt izləyir. Roma regionun iqtisadi reallıqlarına köklənərək gələcəyə hesablanmış əməkdaşlıq modelləri təklif edir. Gözlənilən yeni razılaşmaların təkcə qaz ixracı ilə məhdudlaşmayacağı, eyni zamanda işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərini, yaşıl enerji keçidini və yüksək texnologiyalı infrastruktur layihələrini əhatə edəcəyi proqnozlaşdırılır”.

Parlamentari vurğulayıb ki, Albaniya və Fransa kimi ölkələrin liderləri ilə qurduğu sıxıb emosional-siyasi bağlar Meloninin beynəlxalq münasibətlərdə “şəxsi diplomatiya” gücündən məharətlə istifadə etdiyini göstərir: “Bakıda əldə olunacaq nəticələr İtaliya hökumətinin Aralıq dənizi və Xəzər hövzəsi arasında qurmaq istədiyi enerji körpüsünü daha da möhkəmləndirəcək. Beləliklə, Meloni gedişatı Bakı-Roma oxunu mövcud strateji tərəfdaşlıq səviyyəsindən daha dərin və sarsılmaz strateji müttəfiqlik mərhələsinə aparacaq. Bu qarşılıqlı dəstək həm İtaliyanın Avropadakı enerji qovşağı olmaq hədəfinə, həm də Azərbaycanın qitənin enerji xəritəsindəki dominantlığını artırmaq strategiyasına tam uyğundur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki