Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İslamabadda keçirilən ABŞ-İran danışıqları və qlobal enerji bazarlarındakı gərginliklə bağlı bir sıra şok bəyanatlar verib.
Referans Media xəbər verir ki, Peskov Rusiyanın bu danışıqlarda birbaşa iştirak etmədiyini, lakin sülhün əldə olunması üçün hər cür kömək göstərməyə hazır olduğunu bildirib.
Dmitri Peskov Yaxın Şərqdəki vəziyyəti “çox kövrək və tamamilə proqnozlaşdırıla bilməz” kimi xarakterizə edib. O xəbərdarlıq edib ki, əgər regionda yenidən güc ssenarisinə (müharibəyə) qayıdılarsa, bunun dünya iqtisadiyyatı və regional təhlükəsizlik üçün fəsadları əvvəlkindən daha ağır olacaq. Rusiyanın qlobal enerji bazarlarındakı roluna toxunan Peskov, “Rusiya məsuliyyətli və çox vacib oyunçu olaraq qalır, bizim həcmlərimizi nəzərə almamaq mümkün deyil” deyərək Qərbə mesaj göndərib.
Avropa ilə münasibətlərə də toxunan sözçü bildirib ki, Moskva dialoq axtarışındadır, lakin Avropa paytaxtlarında hələlik qarşılıqlı münasibət görmür. Macarıstan və Bolqarıstandakı seçki nəticələrinin “ümumavropa iqlimini” dəyişəcəyini söyləmək üçün hələ tez olduğunu deyən Peskov, bütün ziddiyyətlərin yalnız danışıqlar masası arxasında həll edilməli olduğunu vurğulayıb./Musavat.com






















