ABŞ Oman körfəzində İrana məxsus yük gəmisini ələ keçirib. “Reuters”in məlumatına görə, ABŞ çərşənbə axşamı İrana qarşı bombardmanlara başlaya bilər.
Digər tərəfdən, Prezident Donald Tramp Tehranın Vaşinqtonun təklifini qəbul etməyəcəyi halda, bütün enerji obyektləri və körpülərin məhv ediləcəyini söyləyib. İran Ali rəhbəri Müctəba Xamenei isə ölkəsinin ABŞ və İsrailə yeni məğlubiyyət yaşatmağa hazır olduğunu bəyan edib.
Müharibə yenidən başlayır? Bu dəfə münaqişənin miqyası necə olacaq?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, ABŞ ilə İran arasında danışıqların aprelin 21-də İslamabadda keçirilməsi gözlənilirdi:
“Birinci görüşdə müəyyən müsbət ab-hava olmasına baxmayaraq, tərəflər son anda razılığa gələ bilmədi. Əslində, həmin vaxt prosesin yarımçıq qalacağı düşünülürdü, lakin son anda Pakistanın təşəbbüsü ilə tərəflər arasında dialoq bərpa olundu. Hətta 21 apreldə İslamabadda ikinci görüş planlaşdırılmışdı. Lakin son anda yenə İran tərəfi qatılmayacağını bildirdi. Tehran səbəb kimi ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi blokadanı əsas götürdüyünü açıqladı.
ABŞ körfəzdən keçən gəmilərə mane olmayacağını desə də, bu, baş vermədi. Prezident Donald Tramp bildirdi ki, blokada anlaşma əldə olunanadək davam edəcək. Görünən odur ki, Tramp özü də İrana ciddi təsir vasitəsi əldə edib. Bu blokada uzun müddət davam edərsə, İran üçün ciddi nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, İranın ticarət dövriyyəsinin 90 faizi Hörmüz boğazından keçir. Həmçinin enerji resursları da dünya bazarına buradan çıxır. Mövcud prosesin davam etməsi İran iqtisadiyyatı üçün ciddi nəticələr yarada bilər.
İran tərəfinin son bəyanatı vəziyyəti daha da gərginləşdirdi. Yenə də qarşıda bir günlük müddət var. Pakistan və digər vasitəçilər əllərindən gələni etməyə çalışacaqlar. Tərəflər masaya əyləşib razılığa gələ bilsələr, Yaxın Şərqdə gərginlik azalacaq. Əks təqdirdə, eskalasiya artır, gərginlik yüksəlir.
ABŞ hazırkı şəraitdə iki məqam üzrə razılığa gəlmək istəyir:
1.İranın nüvə proqramı;
2.Hörmüz boğazı ilə bağlı məsələ.
Hər halda, İran tərəfinin mövqeyinə baxdıqda iki məsələdə də radikal yanaşma görünür. İranda müxtəlif səslər var, vahid mövqe yoxdur. Ali rəhbər Seyid Əli Xameneinin ölümü sonrası elitada parçalanma var. Müəyyən qruplar hakimiyyəti tam idarə etmək istəyir. Buna görə İrandan müxtəlif mesajlar görürük”.























