AZAL təyyarəsinin vurulması ilə bağlı yayılan son məlumatlar hadisəyə dair diqqəti yenidən artırıb. Bu faktlardan sonra Rusiyanın məsuliyyət daşıyan şəxsləri cəzalandırıb-cəzalandırmayacağı sual altındadır. Eyni zamanda, Azərbaycanın bu məsələni beynəlxalq müstəviyə çıxarıb-çıxarmayacağı, Kremlin məsuliyyətdən yayınmaq yoxsa münasibətləri düzəltmək yolunu seçəcəyi maraq doğurur.
Proseslər necə davam edəcək?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, günahkarlar cəzasız qalanda növbəti cinayətlər üçün mühit formalaşır:
“Rəsmi Bakı AZAL təyyarəsinin vurulmasına görə təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb edəcək. Təəssüf ki, beynəlxalq aviasiya hüququna əsasən, ekspertizanın nəticəsi çox uzun müddətə bəlli olur və biz gözləməliyik. Lakin bu, o demək deyil ki, yaşanan faciə unudulub və Azərbaycan məsələnin araşdırılmasında iştirak etmir. Elə bu gün Baş Prokurorluğun yaydığı məlumatda da bu mövzunun vuğulanması prosesin davam etdiyini və mütləq ədalətli bir sonluğa nail olunacağını göstərir”.