Xankəndidə TARİXİ GÖRÜŞ… – Görüşün baş tutması Rusiya ilə gərginliyə necə təsir edəcək?

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək. 3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcəklər.

Xankəndidə sammitə hazırlıq işləri davam edir.

Küçə və prospektlərdə, tədbirin keçiriləcəyi tarix və məkanı əks etdirən plakatlar yerləşdirilib. Yol infrastrukturu yenidən qurulur. Yollara asfalt örtüyü çəkilir. Bir çox yaşayış binası və ictimai obyektlər əsaslı şəkildə təmir olunur.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhər sakinləri beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkilini əlamətdar hadisə kimi dəyərləndirirlər. Bu tədbir həm də 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir. Xankəndidə baş tutacaq 17-ci sammitdə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, bölgənin gələcəyi ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq.

Görüşün detalları ilə bağlı politoloq Əziz Əlibəyli Referans-a açıqlamasında danışıb.

“Unutmaq lazım deyil ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 60-cı illərdə, dünyanın soyuq müharibə ilə toqquşduğu dövrlərdə Türkiyənin, Azərbaycanın və İranın – üç ölkənin bir güc mərkəzi kimi yaradılmış bir qurum olub. İkinci mərhələdə bir də belə baxmaq lazımdır ki, bu gedişatdan sonrakı dövrlərdə Azərbaycan müstəqilliyini əldə etdikdə bu region gücü kimi təmsil olunmağımıza imkan verdi. 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi böyük bir hadisədir. Ən azından ona görə ki, separatizmin kökünün kəsilməsi müasir dünyaya yaxşı olar. Bəlkə də başqa bir formada ərazi bütövlüyümüzü leqallaşdırmaq üçün möhtəşəmdir. İkinci tərəfdən bu ölkələrin bir-biri ilə münasibətlərə indi daha çox ehtiyyacları var. Üçüncü mərhələdə İranın hansısa iddialarını nəzərə almasaq, görə bilərik ki, Türkiyə və Pakistan Azərbaycanın hərbi-strateji müttəfiqləridir”.

Politoloq qeyd edib ki, bu görüşün Rusiya ilə yaranan gərginlik dövrünə düşməsinin də xüsusi əhəmiyyəti var.

“Bu görüş Rusiya ilə yaşanan hadisələr fonunda baş verir. Ona görə də bunu Azərbaycana göstərilmiş həmrəylik aktı kimi də nəzərdən keçirə bilərik. Bəlkə də belə olması daha doğrudur. Bu doğrular içərisində Azərbaycanın güclü regional müttəfiqlərinin olması məsələsi də gündəmə gətirilir. Bu, Azərbaycanın tək olmaması məsələsinə bağlanılır. Davamında bu təmsilçilik özündə İran tərəfini də əks etdirir”.

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki