Cəmi bir neçə gündən sonra Yerdə geomaqnit həyəcanlanmasının baş verəcəyi gözlənilir.
Referans Media xəbər verir ki, bu barədə Böyük Britaniya Geoloji Xidməti xəbərdarlıq edib.
Məlumata görə, sentyabrın 28-də Günəşdə planetimizə tərəf yönəlmiş tac kütləsinin püskürməsi qeydə alınıb.
Mütəxəssislərin proqnozuna əsasən, aparılan təhlillər bu püskürmənin böyük ehtimalla oktyabrın 2-si radələrində Yerin maqnit sahəsinə çatacağını göstərir.
Məhz bu dövrdə "G1" sinfinə aid geomaqnit fırtınasının baş verəcəyi gözlənilir.
"G1" səviyyəli maqnit fırtınası zəif geomaqnit həyəcanlanmalarına aid edilsə də, onun təsiri yalnız kosmik sistemlərlə məhdudlaşmır. Belə aktivlik zamanı peyk rabitəsi, naviqasiya və radiosistemlərin işində kiçik axsamalar yarana bilər. Yüksək enliklərdə isə qütb parıltısının müşahidə olunması mümkündür.
İnsanların böyük əksəriyyəti üçün "G1" fırtınası ciddi təhlükə törətmir. Bununla belə, geomaqnit aktivliyinin yüksəldiyi günlərdə mütəxəssislər adəti yuxu rejimini qorumağı, kifayət qədər dincəlməyi, bol su qəbul etməyi və orqanizmi həddindən artıq yormamağı tövsiyə edirlər.
Meteohəssas və səhhətində dalğalanmalar olan şəxslər öz vəziyyətlərinə daha diqqətlə yanaşmalıdırlar. Kəskin və ya qeyri-adi simptomlar yarandıqda, bunu yalnız maqnit fırtınası ilə əlaqələndirməmək və vaxtında həkimə müraciət etmək məsləhət görülür./musavat.com/
