İnternet provayderinin müqavilədə 50–100 Mbit/s sürət göstərdiyi halda evdə faktiki sürətin 10–15 Mbit/s-yə düşməsi və texniki dəstək xidmətinin zənglərə cavab verməməsi abunəçilərin ən çox qarşılaşdığı problemlərdəndir.
İnternet xidmətləri ilə bağlı abunəçilərin narazılığına səbəb olan əsas məsələlərdən biri müqavilədə və reklamda vəd edilən internet sürəti ilə faktiki istifadə zamanı əldə olunan sürət arasındakı fərqdir.
Məsələn, provayder tərəfindən 50–100 Mbit/s sürət təqdim edildiyi bildirilsə də, bəzi istifadəçilər günün müəyyən saatlarında internet sürətinin 10–15 Mbit/s-yə qədər aşağı düşdüyünü qeyd edirlər. Bu isə xüsusilə video izləmə, onlayn dərslər, distant iş, faylların yüklənməsi və digər internet xidmətlərindən istifadə zamanı ciddi çətinliklər yaradır.
Problemi daha da mürəkkəbləşdirən məqamlardan biri isə yaranan nasazlıqla bağlı provayderin texniki dəstək xidmətinə müraciət zamanı abunəçilərin cavab ala bilməməsi və ya problemin həllinin uzun müddət çəkməsidir. Bəzi hallarda istifadəçi modem və avadanlıqla bağlı problem olmadığını bildirsə də, internetin keyfiyyəti ilə bağlı şikayətinə operativ cavab verilmədiyini bildirir.
Maraqlıdır, provayder müqavilədə göstərilən internet sürətini hansı səviyyədə təmin etməlidir və vəd edilən xidmət göstərilmədikdə abunəçinin hansı hüquqları var?
Referans Media xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Babək Həmidov bildirib ki, tərəflər arasında müqavilə imzalanarkən hər iki tərəf öz öhdəliklərinə sadiq qalmalıdır:
"Provayderin müqavilədə 100 megabit göstərib 15 megabit sürət təqdim etməsi texniki xətadan da ola bilər, bilərəkdən də ola bilər. Bu kütləvi də ola bilər, fərdi də ola bilər. Əgər texniki xəta və fərdidirsə, aradan qaldırılması üçün provayder müvafiq təşəbbüs göstərməlidir. Amma 100 megabit sürət göstərib kütləvi şəkildə 15 megabit sürəti bilərəkdən verirlərsə, müəyyən vurulan zərərə görə kütləviləşdiyinə görə cinayət tərkibini yaradan hallar araşdırıla bilər".
Vəkil çağrı mərkəzi və Qaynar Xəttlərin cavab verməməsi zamanı atılmalı olan addımları və aidiyyəti qurumlara müraciət qaydasını diqqətə çatdırıb:
"Vətəndaş tərəfindən çağrı mərkəzinin fəaliyyətsizliyi və provayderin texniki problemini aradan qaldırmaması ilə bağlı çağrı mərkəzinə zəng edərək cavab verməməsini və ya tədbir görülmədiyini bildirməsi lazımdır. Fəaliyyətsizliklər sübut edildikdən sonra aidiyyəti üzrə Rəqəmsal İnkişaf Agentliyinə və digər qurumlara, əgər kütləvilik varsa hüquq-mühafizə orqanlarına şikayət etməklə məsələnin həllinə nail oluna bilər".
