Moskva nüvə cavab zərbəsini insan müdaxiləsi olmadan həyata keçirə biləcək sistem yaradıb?; Koşvinski Kamen dağındakı 1335 nömrəli obyektin sirri
Rusiyanın Sverdlovsk vilayətinin şimalında yerləşən Koşvinski Kamen dağının daxilindəki 1335 nömrəli “Qrot” obyektinin “Perimetr” nüvə idarəetmə sisteminin modernləşdirilmiş halqalarından biri olduğu barədə yeni təfərrüatlar üzə çıxıb.
Referans Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, araşdırmaya görə, obyektin müasir mərhələsi ilə bağlı əsas qərar 2005-ci ildə Vladimir Putin tərəfindən imzalanmış məxfi sənədlə verilib.
“Dossier Center”, “Danwatch” və “The Sunday Times”ın araşdırmasına əsasən, söhbət yalnız nəhəng yeraltı bunkerdən deyil, Rusiyanın strateji nüvə qüvvələrinə fövqəladə vəziyyətdə ehtiyat idarəetmə imkanı verən kompleksdən gedir. Araşdırmada obyektin daxilində rabitə mərkəzləri, radio avadanlıqları, həyat təminatı sistemləri və strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan qurğuların yerləşdiyi bildirilir. Məsələnin ən diqqətçəkən tərəfi isə “Perimetr” sisteminin sovet dövründəki modelindən fərqli olaraq, müasir mərhələdə insanın son qərar verən həlqə kimi rolunun azaldılması ilə bağlı iddialardır.

İstefada olan general-mayor Viktor Xalin bildirib ki, 5 may 2005-ci ildə Rusiya prezidenti Vladimir Putin “Perimetr” üçün yeni idarəetmə həlqəsinin yaradılması barədə məxfi qərar imzalayıb. Xalin təsadüfi mənbə deyil: o, 1970-ci illərdə ilkin “Perimetr” sisteminin yaradılmasında iştirak edib, 2005–2010-cu illərdə isə sistemin modernləşdirilməsi işlərinə rəhbərlik edib.
Xalinin sözlərinə görə, yeni sistemin hazırlanması 2010-cu ilə qədər başa çatdırılıb və sınaqlardan sonra 1335 nömrəli obyektə yerləşdirilib.
Burada əsas məsələ “Perimetr”in nə iş gördüyüdür. Sistem ayrıca nüvə raketi deyil. Onun əsas məqsədi ölkənin rəhbərliyi, Baş Qərargah və əsas komanda məntəqələri məhv edildiyi halda belə strateji nüvə qüvvələrinə əmrlərin çatdırılmasını təmin etməkdir.
Sovet dövründə yaradılan sistemdə müxtəlif rabitə kanalları nəzərdə tutulmuşdu. Ən fövqəladə ssenaridə isə xüsusi komanda raketləri havaya qalxaraq sağ qalmış raket bölmələrinə kodlaşdırılmış siqnallar ötürə bilərdi.Lakin həmin sistemdə son qərar insana məxsus idi. Yəni rabitə və texniki mexanizmlər avtomatlaşdırılsa da, cavab zərbəsinin həyata keçirilməsi üçün növbətçi zabitlərin iştirakı tələb olunurdu. Məhz burada yeni sistemlə bağlı ən böyük sual yaranır. Viktor Xalin Rusiyanın rəhbərliyinin artıq “qisasın həm avtomatlaşdırılmış, həm də avtomatik rejimdə həyata keçirilməsi” imkanına malik olduğunu iddia edir. Bu iki anlayış arasında ciddi fərq var.
Avtomatlaşdırılmış rejimdə sistem bir çox əməliyyatı insanın iştirakı olmadan həyata keçirə bilər, lakin son mərhələdə operatorun qərarı qalır. Avtomatik rejimdə isə sistem əvvəlcədən müvafiq vəziyyətə gətirildikdən sonra nəzərdə tutulan şərtlər yarandığı halda əlavə insan qərarı olmadan fəaliyyət göstərə bilər.
Araşdırmada isə mühüm məqam vurğulanır: “Perimetr”in tam avtomatik rejimdə real olaraq işlədiyini təsdiqləyən açıq sübut yoxdur. Bu səbəbdən Xalinin açıqlaması sistemin texniki imkanları barədə mühüm məlumat versə də, onun faktiki olaraq insan müdaxiləsi olmadan nüvə zərbəsi həyata keçirdiyini təsdiqləmir.
Amerikalı nüvə eksperti, Stenford Universitetinin professoru Ceffri Lyuis isə “Perimetr”in Rusiya baxımından “sabitləşdirici element” kimi qəbul edildiyini bildirir. Onun fikrincə, belə sistem rəhbərliyə böhran zamanı daha çox vaxt və qərarvermə imkanı verə bilər.
Ancaq bu mexanizmin təhlükəli tərəfi də məhz onun məntiqindədir: rəhbərliyin məhv edilməsindən sonra belə cavab zərbəsinin qarşısını almaq mümkün olmamalıdır.
“Qrot”un özü də yeni tikili deyil. Araşdırmaya görə, Koşvinski Kamen dağında belə bir obyektin yaradılması ilə bağlı işlər hələ 1970-ci illərin ortalarında müzakirə olunmağa başlayıb. 1981-ci ildə dağın geoloji və radiotexniki xüsusiyyətləri araşdırılıb, 1982-ci ildə isə 1335 nömrəli obyektin tikintisinə başlanılıb.
Dağın seçilməsinin səbəblərindən biri onun tərkibindəki süxurların həm möhkəmliyi, həm də müəyyən radiodalğaları keçirməsi ilə bağlı olub. Beləliklə, hərbi mühəndislər üçün dağın özü həm təbii qoruyucu sipər, həm də rabitə imkanları baxımından əlverişli məkan sayılıb.
Tikintinin miqyası da diqqət çəkir. Araşdırılan dövlət satınalmaları sənədlərində obyekt üçün təxminən 22 min ton polad, 56 min ton sement və ən azı 13 min ton qum alınması barədə məlumatlar var.
Bu rəqəmlər kompleksin ölçüləri barədə təsəvvür yaradır. Araşdırmanın hesablamasına görə, alınan poladın ümumi çəkisi təxminən üç Eyfel qülləsinin metal konstruksiyasına bərabərdir. Sementdən isə təxminən 150 min kubmetr beton hazırlamaq mümkün olub. Bu həcm iki böyük Moskva metrosu stansiyası və onlara bitişik tunellərin tikintisində istifadə edilən materiallarla müqayisə olunur.
Kompleksin yalnız dağın içindəki tunellərdən ibarət olmadığı da bildirilir. Burada radio mərkəzləri, rabitə sistemləri, havalandırma və enerji infrastrukturu, istilik sistemləri və uzun müddət muxtar fəaliyyət üçün nəzərdə tutulan həyat təminatı elementləri yaradılıb.
Dağın ətəyində isə illər ərzində ayrıca hərbi şəhərcik formalaşdırılıb. Kıtlımda hərbçilər üçün yaşayış binaları, uşaq bağçası, poliklinika, klub, qazanxana və digər infrastruktur obyektləri tikilib. Şəhərciyin əsas inkişaf mərhələsinin 2020-ci ilə qədər davam etdiyi bildirilir.
Koşvinski Kamenin daxilindəki obyekt sadəcə "soyuq müharibə" dən qalma bunker kimi təqdim edilə bilməz. Araşdırmanın ortaya çıxardığı sənədlər göstərir ki, burada uzun illər ərzində yeni hərbi-rabitə infrastrukturu yaradılıb və sovet dövrünün “Perimetr” sisteminin imkanlarının müasir texnologiyalarla yenilənməsi istiqamətində iş aparılıb. Bu baxımdan ən mühüm sual “Qrot”un nə qədər böyük olması deyil, onun hansı mərhələdə və hansı şərtlərlə avtomatik qərarvermə imkanına malik olmasıdır. Çünki “Perimetr”in ilkin məntiqi rəhbərliyin məhvindən sonra belə nüvə qüvvələrinə əmrin çatdırılmasını təmin etmək idisə, müasir versiya ilə bağlı iddialar son insan qərarının da sistemdən çıxarıla biləcəyi ehtimalını gündəmə gətirir.
Araşdırmanın müəllifləri isə bu məqamda ehtiyatlı mövqe tutur: belə bir imkanın yaradıldığı barədə keçmiş yüksək rütbəli hərbçinin açıqlaması var, lakin sistemin tam avtomatik rejimdə real döyüş şəraitində işlədiyini göstərən açıq sübut mövcud deyil.
Bu səbəbdən “Qrot”un əsas sirri bunkerə çevrilmiş dağın altında deyil, onun daxilində qurulan idarəetmə mexanizminin sərhədlərindədir: son qərarı insan verir, yoxsa maşın? Məhz bu sual Rusiyanın nüvə çəkindirmə sisteminin gələcəyi baxımından “Perimetr”i yenidən beynəlxalq diqqət mərkəzinə gətirir.
