Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və digər kateqoriyalar üçün pensiyanın son əməkhaqqı ilə birbaşa əlaqəsinin aradan qaldırılması və fərdi pensiya kapitalının əsas götürülməsi təklif edilir. Yeni yanaşmanın pensiya təminatında vahid prinsiplərin tətbiqinə və sığorta mexanizminin gücləndirilməsinə təsirləri müzakirə olunur.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, təklifin əsas məqsədi pensiyanın fərdi pensiya kapitalından asılılığının təmin edilməsidir.
Onun sözlərinə görə, son əməkhaqqının əsas götürülməsi vətəndaşın əmək fəaliyyətinin son dövründə yüksək vəzifədə çalışması və buna uyğun yüksək əməkhaqqı alması səbəbilə müəyyən hallarda fərqli yanaşmanın yaranmasına gətirib çıxara bilər.
“Şəffaflıq və vahid pensiya prinsipi baxımından bu dəyişiklik müəyyən üstünlük yarada bilər. Vətəndaşlara fərq qoymadan hər birinə eyni prinsiplə yanaşılması son nəticədə ədalətli yanaşma kimi qəbul oluna bilər”, – deyə V.Oruc bildirib.
O qeyd edib ki, yeni yanaşmaya əsasən, hər bir işçi vəzifəsindən asılı olmayaraq işlədiyi müddətdə formalaşdırdığı pensiya yığımına uyğun şəkildə pensiya almaq imkanı əldə edəcək.
“Artıq yüksək əməkhaqqı almış bir çox məmur sinfi işlədiyi müddətdən, əvvəlki dövrlərdən ilk əmək fəaliyyətini həyata keçirdiyi dövrə qədər pensiya yığımına uyğun şəkildə pensiya alacaq, həmin fonda ödənişlərin nəticəsinə müvafiq qaydada pensiya ilə təmin olunacaq”, – deyə AQC sədri vurğulayıb.
V.Orucun sözlərinə görə, bu yanaşma vahid prinsiplərin və şəffaflığın tətbiqinə, həmçinin sığorta prinsipinin gücləndirilməsinə xidmət edə bilər.
“Pensiyanın məbləği şəxsin fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə birbaşa bağlı olduğuna görə, son nəticədə aldığı pensiya da məhz bu prinsiplərə uyğun şəkildə hesablanacaq”, – deyə ekspert bildirib.
O qeyd edib ki, uzunmüddətli xidmətə görə yüksək təminat alan hərbi qulluqçular, yüksək rütbəli şəxslər və son əməkhaqqı yüksək olan dövlət qulluqçuları üçün yeni qayda daha ciddi təsir göstərə bilər.
“Artıq onların son əməkhaqqı deyil, topladığı fərdi pensiya kapitalı əsas götürüləcək. Əgər bu məbləğ son əməkhaqqısına əsaslanan mövcud təminatdan aşağı olarsa, pensiya məbləği də aşağı düşəcək”, – deyə V.Oruc bildirib.
Ekspert hesab edir ki, yeni yanaşma vahid prinsiplərin tətbiqi ilə yanaşı, dövlət büdcəsində qənaətə və vəzifəsindən asılı olmayaraq bütün işçilərin işlədikləri müddətdə sosial sığorta ödənişlərinə daha çox önəm verməsinə xidmət edə bilər.
“Onsuz da yüksək riskli və yüksək məsuliyyət tələb edən vəzifələrdə çalışan işçilər işlədiyi müddətdə yüksək əməkhaqqı aldıqlarına görə onların sosial sığorta ayırmaları və fonda ödənişləri də yüksəkdir. Onlar həmin əməkhaqqından ayrılmış yığımlara uyğun şəkildə pensiya təminatı alacaqlar”, – deyə AQC sədri əlavə edib.
Gülnaz Abdullazadə
