Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı istintaq işinin yenidən açılması və “Kurtlar Vadisi Pusu” serialının FETÖ təbliğatında vasitə kimi istifadə edildiyi iddiaları müzakirə olunmaqdadır.
Serialdakı “Kazım Kaşifoğlu” obrazı ilə Kaşif Kozinoğlu arasında oxşarlıqların olduğu, real hadisələr hələ gerçəkləşmədən öncə serialda təsvir edildiyi haqda iddialar səsləndirilir. “Kurtlar Vadisi” ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan, eyni zamanda, serialda “Kazım Kaşifoğlu” rolunu ifa edən Sedat Savtak və “Ömer Baba” kimi tanınan Emin Olcay ifadə veriblər.
“Kurtlar Vadisi Pusu”dakı bəzi detalların təsadüf olmadığı düşünülür. Belədirsə, bunun arxasında hansı qüvvələr dayanır və məqsəd nə idi?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan türkiyəli hüquqşünas Zeki Arıtürk deyib ki, Kaşif Kozinoğlu ilə bağlı aparılan araşdırma çərçivəsində mühüm məlumatlar, sənədlər və sübutlar əldə edilmişdir.
O, Kozinoğlunun qətlə yetirilib-yetirilmədiyi və kimlər tərəfindən hədəf alındığına dair aparılan təhqiqat zamanı çoxsaylı şəxslərin saxlanıldığını, onlardan bəziləri barəsində həbs qərarı verildiyini bildirib:
“Kaşif Kozinoğlu Türkiyə Cümhuriyyətinin kəşfiyyat sistemində ən mühüm şəxslərdən biri idi. Xüsusilə Mərkəzi Asiya türk respublikaları bölgəsində səlahiyyət sahibi olan və son olaraq Əfqanıstanda xidmət edən Kozinoğlu, 2011-ci ildə FETÖ terror təşkilatı tərəfindən İstanbula çağırılıb saxlanıldıqdan və ardınca onun ölümü ilə nəticələnən ağır hadisələr silsiləsi baş verdikdən sonra istintaq prosesinin mərkəzində yer almışdır.
Kaşif Kozinoğlu Mərkəzi Asiya, Türkiyə Cümhuriyyəti və Əfqanıstanda xidmət göstərdiyi müddətdə, o vaxtkı MİT rəhbəri, hazırkı Xarici İşlər Naziri Hakan Fidan tərəfindən vəzifəyə təyin edilmişdi. Kozinoğlu Türkiyə Cümhuriyyətinə göndərdiyi hesabatlarda bildirirdi ki, FETÖ terror təşkilatının üzvləri məktəb, yardım təşəbbüsü və ya təhsil adı altında MI6, Mossad və CIA kimi qurumlarla əməkdaşlıq edir və həmin bölgələrdə zərərli fəaliyyətlərlə məşğul olurlar”.

Zeki Arıtürk
Hüquqşünas ekspert bildirib ki, bu səbəbdən Kaşif Kozinoğlu FETÖ terror təşkilatının diqqət mərkəzində olmaqla əsas hədəflərdən biri idi:
“Məhz buna görə də, 2011-ci ildə FETÖ terror təşkilatı ilə əlaqəli olan və sonradan vəzifədən kənarlaşdırılıb həbs edilən prokuror və hakimlər Kaşif Kozinoğlunu Türkiyəyə çağırdılar. O, istintaqla bağlı sadəcə ifadə verib geri qayıtmalı olsa da, təəssüf ki, saxlanıldı və ardınca ağır hadisələr baş verdi. Kaşif Kozinoğlunun həbsxana kamerasında ürək tutmasından vəfat etdiyinə dair iddialar mövcuddur, lakin bununla yanaşı, onun əslində qətlə yetirildiyini göstərən son dərəcə ciddi ittihamlarla da qarşılaşırıq. Nəticədə, Kaşif Kozinoğlu ilə bağlı aparılan istintaq çərçivəsində bir çox şəxs saxlanılıb və onlardan bəziləri həbs olunub”.
Z.Arıtürk, Kaşif Kozinoğlu ilə serialdakı Kazım Kaşifoğlu adlı obraz arasındakı heyrətamiz oxşarlığın diqqət çəkdiyini bildirib. Halbuki kəşfiyyat qurumları və xüsusilə də mediada “beşinci kolon” fəaliyyəti göstərən FETÖ terror təşkilatı kimi qruplaşmaların hər yerə sızdığını və bu məsələlərlə bağlı ictimai rəyi formalaşdırmaq məqsədilə media əməliyyatları təşkil etdiklərini qeyd edib:
“Kurtlar Vadisi Pusu”da təsvir olunan bəzi hadisələrin FETÖ terror təşkilatı tərəfindən təşkil edildiyinə, yəni bu hadisələrin həm ictimai mesaj, həm də əslində bir növ psixoloji müharibə vasitəsi kimi nəzərdə tutulduğuna dair iddialar mövcuddur. Məlum olduğu kimi, serialın prodüserləri və ssenaristlərindən bir çox şəxs bu məsələ ilə əlaqədar saxlanılıb. Nəticədə, Türkiyədə Kaşif Kozinoğlu ilə bağlı istintaq özünün çoxsaylı və mürəkkəb aspektləri ilə irəlilədikcə, hadisələrin bu qədər üst-üstə düşməsinin sadəcə təsadüf ola bilməyəcəyi bir vəziyyət yaranır. Bununla belə, tam əminəm ki, məsələ ilə bağlı qısa müddətdə həll yolu tapılacaq və bu hadisələrin qaranlıq məqamlarına aydınlıq gətiriləcək”.
Z.Arıtürk xüsusi olaraq vurğulayıb ki, Kaşif Kozinoğlu və “Kurtlar Vadisi Pusu” serialındakı dialoqlar və personajların vəziyyəti ilə real həyatdakı hadisələr arasındakı paralellər mahiyyət etibarilə ictimai rəyi əvvəlcədən hazırlamaq cəhdləri kimi qiymətləndirilir və eyni zamanda,
Türkiyə Cümhuriyyətinin prokuror və hakimləri bu məsələ ilə bağlı hərtərəfli və diqqətli bir araşdırma aparırlar:
“Burada qeyd edək ki, Türk dünyasına qarşı çoxsaylı planlar qurulur və qurulmağa davam edəcək. Lakin inanıram ki, uca Türk milləti öz birliyi, həmrəyliyi və qardaşlıq duyğusu sayəsində bütün belə təşəbbüslərin, şər qüvvələrin, eləcə də Türkiyə Cümhuriyyətinə və Türk dünyasına qarşı düşmənçilik niyyəti bəsləyənlərin məkrli planlarının qarşısını alacaqdır. Nəticə etibarilə, bu araşdırmalara daha geniş kontekstdə nəzər saldıqda, aydın şəkildə görmək olur ki, bu qədər təsadüf ola bilməz”.
