FBI-a böyük kiberhücum: Əməkdaşların məxfi məlumatları oğurlandı

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşlarına məxsus ad, ünvan, telefon nömrəsi və sosial sığorta nömrələri daxil olmaqla, çoxsaylı məxfi məlumatların kiberhücum nəticəsində oğurlandığı bildirilir. Ələ keçirilən məlumatlar arasında əməkdaşların tibbi qeydlərinin, psixoloji müayinələrinin və ailə üzvlərinə aid məlumatların da olduğu iddia edilir.

Referans MEDİA xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, hücum FBİ-ın işə qəbul portalına qarşı həyata keçirilib. FBİ əvvəlcə hücumla bağlı iddiaları təsdiqləməsə də, sonradan əməkdaşlarına göndərdiyi daxili bildirişdə məlumat sızmasının baş verdiyini qəbul edib.

Hücumun "ShinyHunters" adlı kibercinayətkar qrup tərəfindən həyata keçirildiyi bildirilir. Qrupun iddiasına görə, hücum zamanı FBİ əməkdaşları ilə yanaşı, onların həyat yoldaşlarına və fövqəladə hallarda əlaqə saxlanılan şəxslərə aid məlumatlar da ələ keçirilib.

Oğurlanan məlumatlar arasında qan və sidik analizlərinin nəticələri, eləcə də psixiatrik müayinə qeydlərinin olduğu qeyd edilir.

"The New York Times" qəzetinin araşdırdığı nümunələrdə Çin, Rusiya və İrana qarşı əks-kəşfiyyat bölmələrində çalışan FBİ əməkdaşlarının məlumatlarının da yer aldığı bildirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu məlumatların xarici kəşfiyyat xidmətlərinin və ya cinayətkar qrupların əlinə keçməsi FBİ əməkdaşlarının və onların ailələrinin təhlükəsizliyini risk altına sala bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki