Müasir elmi araşdırmalar göstərir ki, siqaretlə yanaşı elektron siqaret istifadə edən şəxslərdə ağciyər xərçəngi riski yalnız siqaret çəkənlərlə müqayisədə 4 dəfə daha yüksəkdir. Elektron siqaretin siqareti tərgitməkdə effektiv olduğunu düşünənlər isə yanılırlar.
Referans Media xəbər verir ki, ağciyər xərçəngi dünyada ən çox rast gəlinən və xərçəngə bağlı ölüm səbəbləri arasında ilk yerdə olan onkoloji xəstəlikdir. Bu xəstəlik kişilərdə ən çox müşahidə olunan xərçəng növü kimi də diqqət çəkir. Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2012-ci ildə ağciyər xərçəngi 1,8 milyon yeni hal ilə bütün xərçənglərin 12,9 faizini təşkil edib.
Türkiyədə “Xalq Sağlamlığı 2020” statistikalarına əsasən, ağciyər xərçəngi kişilərdə 51,9 faizlə birinci, qadınlarda isə 10,2 faizlə dördüncü sırada yer alır. İnkişaf etməkdə olan ölkələrdə tütün istifadəsinin artması ilə paralel olaraq bu xərçəng növünün yayılma tezliyinin yüksəlməsi xüsusilə diqqətçəkən hesab olunur.
Risk qruplarında fərqlilik
Koç Universiteti Xəstəxanasının Pulmonologiya üzrə mütəxəssisi Dr. Esra Sönmez bildirir ki, ağciyər xərçəngi baxımından yüksək risk qrupuna ildə ən azı 30 paket siqaret çəkən və ya çəkmiş, siqareti 15 ildən az müddətdə tərgidən, 55–74 yaş arası sağlam şəxslər daxildir. Ailəsində ağciyər xərçəngi olan və ya gənc yaşda bu xəstəliyə tutulan şəxslərin yaxın qohumlarında riskin 2 dəfə artdığı qeyd olunur. Tütün məhsullarından istifadə miqdarı və müddəti artdıqca xərçəng riski də yüksəldiyindən, erkən yaşda siqaret çəkməyə başlamaq bu riski qaçılmaz edir.
Elektron siqaret reallığı
Bu mərhələdə elektron siqaretin siqaretdən qurtulmaq üçün effektiv vasitə olmadığı və tərkibində zərərli maddələr daşıdığı bilinməlidir. Dr. Esra Sönmez qeyd edir: “Mövcud tədqiqatlar siqaretlə birlikdə istifadə olunan elektron siqaretin ağciyər xərçəngi riskini yalnız siqaret çəkənlərlə müqayisədə 4 dəfə artırdığını göstərir. Elektron siqaretin ağciyərlərə toksik təsiri ilə bağlı çoxsaylı elmi nəşrlər mövcuddur və bu məhsulların ağciyər xərçəngi ilə əlaqəsi üzrə araşdırmalar davam edir.”
İqlim böhranı və hava çirklənməsinin təsiri
Hava çirklənməsi də xərçəng riskinə ciddi təsir göstərən amillər sırasındadır. Fosil yanacaqlara bağlı hava çirkliliyinə məruz qalan şəxslərdə, xüsusilə ağciyər xərçəngi başda olmaqla, xərçəng riski 7 dəfə arta bilir. Lancet jurnalının “Sağlamlıq və Ətraf Mühit Çirkliliyi Komissiyası” hava çirklənməsini artıq zərərli faktor kimi tanıyır. Əsas təhlükəli maddələrə azot dioksid, kükürd dioksid, ozon və incə hissəciklər daxildir.
Taksi və yük maşını sürücüləri risk altındadır
Peşə baxımından da bəzi qruplar yüksək risk daşıyır. Silisium tozu, radon qazı, asbest, dizel mühərrik tüstüsü, metal tozu və ərinti dumanına məruz qalan mədənçilər, boya və tikinti işçiləri, metallurgiya və gəmiqayırma sahəsində çalışanlar, eləcə də taksi və yük maşını sürücüləri riskli peşə qrupları sırasında yer alır.
Ağciyər xərçəngində müasir skrininq üsulları
Koç Universiteti Xəstəxanasının Medikal Onkologiya üzrə mütəxəssisi Prof. Dr. Deniz Tural ağciyər xərçəngində diaqnostika və müalicədəki yeniliklərdən danışır. Onun sözlərinə görə, yüksək risk qrupunda olan şəxslər üçün ən effektiv skrininq üsulu kontrastsız döş qəfəsi kompüter tomoqrafiyasıdır və bu şəxslər illik müayinələrə cəlb olunmalıdır. Şübhəli törəmələrin yerləşməsinə görə bronxoskopiya, trans-torakal iynə biopsiyası və ya endobronxial ultrasəs müşayiəti ilə biopsiya ən etibarlı diaqnostik üsullar sayılır. Süni intellektin tibbdə tətbiqi sayəsində ağciyər düyünlərinin bədxassəli olub-olmaması daha erkən mərhələdə müəyyən edilə bilir.
Radioterapiya və cərrahiyyədə irəliləyişlər
Müasir cərrahi üsullar daha az invaziv əməliyyatlara imkan yaradır. İmmunoterapiya və kimyaterapiyanın kombinasiyası isə əməliyyatdan əvvəl şişin kiçildilməsinə və daha uğurlu cərrahi müdaxiləyə şərait yaradır. Əvvəllər ağciyər xərçəngi diaqnozu alan xəstələrin əksəriyyəti dünyasını dəyişirdisə, bu gün hədəfyönlü müalicə və immunoterapiyalar sayəsində 5 illik sağ qalma göstəricisi təxminən 30 faizə yüksəlib. Bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir.
Fərdiləşdirilmiş müalicələrin əhəmiyyəti
Ağciyər xərçəngində ən mühüm yeniliklərdən biri şəxsi müalicə yanaşmalarıdır. “Yeni nəsil sekvensləmə” (NGS) texnologiyası ilə aşkarlanan genetik mutasiyalar hədəflənərək, əsasən ağızdan qəbul edilən dərmanlarla effektiv müalicə mümkündür.
Məsələn, ALK füzyon mutasiyası olan xəstələrdə istifadə edilən Lorlatinib preparatının 5 illik nəticələri xəstələrin təxminən 60 faizində xəstəliyin nəzarətdə saxlanıldığını göstərir. Bundan əlavə, PD-L1 marker göstəricisi yüksək olan bəzi xəstələr yalnız immunoterapiya ilə 5 illik sağ qalma səviyyəsini 30 faizə qədər yüksəldə bilirlər. Bu göstərici keçmişdə metastatik ağciyər xərçəngində 5 faizdən aşağı idi.
