Yeni rəhbər, köhnə vərdişlər: AAYDA-da islahatlar hara aparır?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) rəhbərlik dəyişdikdən sonra qurum ətrafında baş verən proseslər və kütləvi struktur islahatları cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Agentliyə yeni sədr təyin edilən Vüsal Nəsirli tərəfindən idarəetmədə həyata keçirilən dəyişikliklər və kadr təmizləmələri fonunda ölkə üzrə yol-istismar idarələrinin kütləvi şəkildə ləğv olunması diqqət çəkir.

Hər bir yeni rəhbərin gəlişi ilə öz komandasını formalaşdırması, tanışlarını və ya uyğun bildiyi mütəxəssisləri işə cəlb etməsi idarəçilik praktikasında adəti hal kimi qəbul edilsə də, bu prosesin necə icra olunması və yaratdığı sosial fəsadlar cidd şəkildə suallar doğurur. Əsas problem ondadır ki, struktur dəyişiklikləri adı altında rəhbərlik tərəfindən köhnə komandanın "bütünlüklə korrupsioner" olduğu görüntüsü yaradılır.

Lakin sual yaranır: əgər həqiqətən də qurumda kütləvi korrupsiya halları mövcud olubsa, illərdir bu sahəyə rəhbərlik edən sabiq sədr Saleh Məmmədov və onun yaxın ətrafı, müavinləri, qudaları bu əməllərə görə birbaşa cavab verməlidirlər, nəyinki sadə işçilər.

Xatırladaq ki, sabiq sədr Saleh Məmmədovun quruma rəhbərlik etdiyi dövrdə yol verilən mənimsəmələrlə bağlı mətbuatda milyardlarla manatlıq rəqəmlər – təxminən 1 milyard manatdan artıq yeyinti faktları üzə çıxıb. İllər ərzində dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitlərin talanması barədə səslənən iddialar və yayılan rəqəmlər fonunda əsas məsuliyyəti daşıyan şəxslərin kənarda qalması, bütün zərbənin isə gündəlik çörpuluğunu qazanmaq üçün bölgələrdəki yol-istismar idarələrində çalışan sadə işçilərə dəyməsi haqlı narazılıq yaradır. Hazırda yeddidən artıq yol-istismar idarəsinin ləğv olunması və minlərlə ştatın ixtisara düşməsi nəticəsində kütləvi işsizlik dalğası yaranır. İşini və gəlir mənbəyini itirən bu insanlar ailələrini dolandırmaqda çətinlik çəkir, banklara olan kredit öhdəlikləri avtomatik olaraq artır və nəticədə cəmiyyətdə sosial gərginlik pik həddə çatır. Rəhbərlik dəyişdikcə həmkarını və ya öz komandasını gətirmək istəyən məmurlar sadə vətəndaşların taleyini təhlükə altına atırlar.

Cavanşir Abbaslı imza vərəqələrini DSK-ya təqdim etdi - Globalinfo.az

Referans Media bildirir ki, məsələ ilə bağlı açıqlama NOCOMMENT.az-a danışan "Ağ Partiya" sözçüsü, siyasi ekspert Cavanşir Abbaslı bildirib ki, ölkədə formalaşan ənənəyə görə vəzifəyə gələn şəxs çox vaxt sələfinə rəhmət oxutdurur və Vüsal Nəsirli də məhz belə kadrlardandır:

"Ölkədə belə bir ənənə var: vəzifəyə gələn şəxs özündən əvvəlkinə və ya atasına rəhmət oxutdurur. Düşünürəm ki, Vüsal Nəsirli də belə bir kadrlardandır. Ondan əvvəl həmin vəzifəni tutan Saleh Məmmədovun zamanında təbii ki, yollarda olan ciddi problemlərin, yeyintilərin olduğu barədə mətbuatda tez-tez xəbərlər dolaşırdı. Hətta qeyd edildiyi kimi 1 milyard məbləğdə vəsaitdən də söhbət gedirdi. Amma görünən odur ki, digər sahələrdə olduğu kimi bu sahədə də vəzifədən uzaqlaşdırılan şəxs heç bir məsuliyyətə cəlb olunmadı. Ondan sonra həmin vəzifəyə gələn şəxs isə daha çox şirniklənərək, ibrət dərsi götürərək onun yolunu davam etdirməyə başladı və belə bir fikir onda formalaşdı ki, məndən əvvəlki hər hansı bir məsuliyyətə cəlb olunmadısa, mən də rahat bir şəkildə korrupsiya hallarına yol verib bu prosesi davam etdirə bilərəm. İndi konkret ortada bir fakt olmasa da, iddiaların özü də çox ciddidir".

Ekspert həmçinin paytaxt yollarında aparılan təmir işlərinin yararsız vəziyyətinə və sakinlərin üzləşdiyi çətinliklərə toxunub:

"Xüsusilə də yollarda yeyintilərin olduğu barədə biz tez-tez məlumatlara rast gəlirik, amma bu məlumatların heç birinin üzərinə gedilmir. Bu isə o deməkdir ki, yeyinti halları, korrupsiya halları getdikcə davamlı olacaq. Sadəcə bir faktı Vüsal müəllimin diqqətinə çatdırım ki, Yeni Günəşli ərazisində şir heykəli deyilən bir ərazi var. Təsəvvür edin ki, bir aydan çoxdur ki, həmin ərazinin ətrafı asfalt üçün qazılıb, hazırlıqlı vəziyyətə gətirilib, amma hələ də asfaltlanmır. İnsanlar daha da zülm içərisinə qərq olublar. Sürücülər təkərlərini ayda iki dəfə ustaya aparmalı olurlar, çünki qazılıb qoyulmuş yol avtomobilləri sıradan çıxarır. Sakinlər artıq elə vəziyyətə gəliblər ki, əvvəlki yol bundan daha yaxşı idi deyirlər. Əgər düzəldə bilmirdilərsə, bunu niyə bu vəziyyətə gətirdilər? Demək, yeni bir yeyinti mənbəyi axtarırlar".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki