"Fənərbaxça"da baş məşqçi böhranı belə həll olundu – İsmail Kartal barədə qərar VERİLDİ

"Fənərbaxça"da baş məşqçi İsmail Kartalın istefası ilə bağlı yaranan böhran sona çatıb. Roma ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayan təcrübəli çalışdırıcı klub prezidenti Aziz Yıldırımla görüşüb. Görüşün ardından Kartalın vəzifəsində qalması və komandanın başında fəaliyyətini davam etdirməsi qərara alınıb.

Referans Media xəbər verir ki, İsmail Kartalın istefa açıqlamasından sonra bu qərarı qəbul etməyən Aziz Yıldırım baş məşqçi ilə görüş keçirib. Görüşün nəticəsində Kartalın "Fənərbaxça"dakı vəzifəsini davam etdirməsi barədə razılıq əldə olunub. Beləliklə, komandanın baş məşqçisi istefa qərarından geri dönərək fəaliyyətini davam etdirəcək.

Son qərara əsasən, İsmail Kartal "Fənərbaxça"nın növbəti məşqinə rəhbərlik edəcək. Təcrübəli çalışdırıcının komandadakı işini əvvəlki qaydada davam etdirəcəyi bildirilib. İsmail Kartal Roma ilə keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında istefa verdiyini açıqlamışdı. O, qərarını belə əsaslandırmışdı: “Bu axşam etibarilə futbolçularımı təbrik edir və istefa edirəm. Klubumun qarşısını açmaq üçün belə bir qərar verdim”.

Kartal həmçinin “Bir daha heç vaxt geri qayıtmayacağam” deyərək istefa qərarının qəti olduğunu bildirmişdi. Kartalın açıqlamasından qısa müddət sonra kameralar qarşısına keçən Aziz Yıldırım isə baş məşqçinin istefasını qəbul etmədiyini açıqlamışdı.

Yıldırım “İsmail Kartal vəzifəsinin başındadır” deyərək çalışdırıcının komandada qalacağını bildirmişdi. Klub prezidenti Kartala “Davam edəcəksən” dediyini və “Mən ayrılana qədər buradan gedə bilməz” sözlərini işlədərək onunla yola davam etmək istədiyini açıq şəkildə ifadə etmişdi. Son görüşdən sonra Kartalın vəzifəsində qalması ilə "Fənərbaxça"da istefa böhranı da rəsmən sona çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki