İsveçrə millisində böyük qalmaqal: Ulduz futbolçu Murat Yakına üsyan etdi

İsveçrə millisinin 26 yaşlı hücumçusu Noah Okafor futbol ictimaiyyətini təəccübləndirən qərar verib. Təcrübəli futbolçu Murat Yakın İsveçrə millisinin baş məşqçisi olduğu müddətdə milli komandada forma geyinməyəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, Okafor qərarını sosial media hesabında yayımladığı geniş açıqlama ilə elan edib. O bildirib ki, bu addımı oynadığı dəqiqələrin azlığına görə deyil, dünya çempionatında yaşadığı hadisələrdən sonra baş məşqçiyə olan etimadının ciddi şəkildə sarsılması səbəbindən atıb.

“Problem oynadığım dəqiqələr deyil, etimadın sarsılmasıdır”

Noah Okafor qərarının əsas səbəbinin meydanda aldığı oyun vaxtı olmadığını vurğulayıb.

“Qərarımın oynadığım dəqiqələrlə heç bir əlaqəsi yoxdur. Dünya çempionatına komandama həm meydanda, həm də meydandan kənarda dəstək olmaq üçün böyük motivasiya ilə getmişdim. Lakin orada yaşadıqlarım məni dərindən yaraladı. Etimad sarsıldı, verilən sözlər tutulmadı”, – deyə futbolçu bildirib.

Okafor Əlcəzairlə qarşılaşmada etdiyi kiçik səhvlərə belə sərt reaksiyalar verildiyini və bu münasibətin onun üçün qəbuledilməz olduğunu söyləyib.

“Xüsusi münasibət istəmirəm”

İsveçrə millisinin baş məşqçisi Murat Yakının komandada əldə etdiyi nəticələrə hörmət etdiyini bildirən Okafor xüsusi münasibət tələb etmədiyini qeyd edib.

“Murat Yakının əldə etdiyi uğurlar ortadadır. Mən heç bir xüsusi münasibət gözləmirəm. Sadəcə qarşılıqlı hörmət və etimad istəyirəm. Təəssüf ki, qarşıdakı dövrdə belə bir mühitin yaranacağına inanmıram”, – deyə hücumçu vurğulayıb.

Okafor bununla da Murat Yakın vəzifədə qaldığı müddətdə İsveçrə millisinin formasını geyinməyəcəyini açıq şəkildə bəyan edib.

Futbolçu açıqlamasının sonunda komanda yoldaşlarına və ölkəsinə uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki