Kral ailəsində OĞURLUQ- Saat YOXA ÇIXDI

Şahzadə Uilyamın Sandrinqem kral mülkündə yerləşən Anmer Hall iqamətgahına daxil olan oğrular altı qolbaq və bir saat oğurlayıblar.

Referans Media  xəbər verir ki, bu barədə “The Sun” qəzeti Norviç Magistrat Məhkəməsində keçirilən dinləmənin nəticələrinə istinadən məlumat yayıb.

Hadisə noyabrın 23-də axşam saatlarında baş verib. Soyğunçuluqla əlaqədar iki nəfər saxlanılıb. Onlar Qərbi Londonda yaşayan 34 yaşlı Mirgen Doku və evsiz olduğu bildirilən 32 yaşlı Arilen Ndoci adlı şəxslərdir.

Hər iki şəxs yaşayış evinə oğurluq məqsədilə qanunsuz daxil olmaq və qorunan əmlaka müdaxilə etməkdə ittiham olunublar.

Qəzetin məlumatına görə, Albaniyadan olan iki şübhəli Şahzadə Uilyamın iqamətgahına drenaj borusu vasitəsilə daxil olublar. Sandrinqem kral mülkünün ovçuluq və mühafizə üzrə meneceri Devid Harrisonun sözlərinə görə, hadisədə ümumilikdə üç nəfər iştirak edib. Prokurorluq məhkəmədə üçüncü şübhəlinin qaçdığını təsdiqləyib.

Soyğun zamanı Şahzadə Uilyam və ailə üzvləri iqamətgahda olmayıblar. Bununla belə, “The Sun”un yazdığına görə, Kral III Çarlz həmin vaxt Anmer Halldan təxminən 5 kilometr məsafədə yerləşən Sandrinqem iqamətgahında olub. Monarxın qardaşı Endryu Mauntbatten-Vindzor isə kral mülkünün 8 min hektarlıq ərazisinin bir hissəsində yerləşən Marş Fermasında olub.

Qeyd edək ki, Anmer Hall 2011-ci ildə Kraliça II Yelizaveta tərəfindən Şahzadə Uilyama Ketrin Middltonla evliliyi münasibətilə hədiyyə edilib. Hazırda Uels şahzadəsi ailəsi ilə birlikdə Vindzor qəsrinin ərazisində yerləşən Forest Lodge iqamətgahında daimi yaşayır. Bununla yanaşı, ailə həftəsonlarını və tətillərini tez-tez Anmer Hallda keçirir./Ajans.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki