Sosial şəbəkədə “Bank of Baku"nun xidmətlərindən ciddi narazılıqlar ifadə olunub.
Referans Media “Yeni Sabah”-a istinadən xəbər verir ki, müştərilərin sözlərinə görə, bank xarici abunəlik xidmətləri zamanı ƏDV tutulmasında qanunsuzluğa yol verir.
Şikayətçi bildirib ki, “Claude”, “Netflix” kimi beynəlxalq platformalar sentyabrın 1-dən etibarən Azərbaycanda rəsmi qeydiyyatdan keçərək vergini birbaşa xidmət haqqının tərkibində ödəyirlər. Buna baxmayaraq, "Bank of Baku" həmin abunəlik ödənişləri zamanı eyni vergini ikinci dəfə müştərilərin hesabından komissiya adı altında çıxır.
Qərar qəbul edildikdən bu günə qədər yalnız bir müştərinin hesabından bu qaydada 56 manatdan çox vəsait tutulub. Abunəlik ləğv edilərək ödəniş geri qaytarıldıqda (refund), bank tutduğu əlavə komissiya/vergi məbləğindən imtina etmir və onu müştəriyə geri ödəmir.
Müştərilər bankın dəstək xidmətinin və çat əməkdaşlarının məsələ ilə bağlı yetərli məlumata malik olmadıqlarını, müraciətlərə isə 10-30 iş günü müddətində baxılacağının bildirildiyini qeyd edirlər.
