Ev almaq istəyənlər üçün PİS XƏBƏR: 2027-ci ildə...

Azərbaycanda, xüsusilə Bakıda mənzil bazarında qiymət artımının 2027-ci ildə də davam edəcəyi gözlənilir. Lakin artımın bütün ərazilərdə eyni templə baş verməyəcəyi, mənzilin yerləşdiyi ərazi, tikilinin yeni və ya köhnə olması, təklifin həcmi, tikinti və torpaq xərcləri, eləcə də əhalinin alıcılıq qabiliyyətinin qiymət dinamikasına ciddi təsir göstərəcəyi bildirilir.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri  Vüqar Oruc Referans Media-ya açıqlamasında danışıb.

Mərkəzi Bankın 2026-cı ilin noyabrında açıqladığı maliyyə sabitliyi hesabatına əsasən, son bir ildə Azərbaycanda mənzil qiymətləri 8,4 faiz artıb. İlkin mənzil bazarında qiymət artımı 12,7 faiz, təkrar bazarda isə 8,3 faiz təşkil edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatlarına görə isə müvafiq dövrlə müqayisədə yeni tikililərdə qiymət artımı 14,3 faiz, köhnə tikililərdə isə 10,6 faiz olub.

Vüqar Oruc da mənzil bazarında bahalaşmanın davam etdiyini bildirir:
“Bizdə, yəni Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində bu barədə ötən müvafiq dövrlə müqayisədə rəqəmlər yeni tikililərlə bağlı 14,3 faiz, köhnə tikililərlə bağlı isə 10,6 faizdir. Və bu qiymət artımı davam edir.”

2027-ci ildə qiymətlərə hansı amillər təsir edəcək?

Ekspertin sözlərinə görə, 2027-ci ildə mənzil qiymətlərinin artım tempi bir sıra amillərdən asılı olacaq.

“27-ci ildə də Azərbaycanda, xüsusilə baş şəhərdə mənzil qiymətlərinin artım istiqamətində dinamikası baş verəcək. Lakin bahalaşmanın sürəti mənzilin yerləşdiyi ərazi, ərazidə tikilinin yeni və ya köhnə olması, təklifin həcmi və eyni zamanda əhalinin alıcılıq qabiliyyəti ilə bağlı olacaq. Bu amillər qiymət artımına ciddi təsir göstərən amillər kimi çıxış edəcək.”

Vüqar Oruc hesab edir ki, 2027-ci ildə mənzil qiymətlərinin bütün ərazilərdə eyni səviyyədə artacağını gözləmək doğru deyil.

“Qiymətlərin bütün ərazilərdə eyni səviyyədə artmayacağını biz deməli, ehtimal edirik. Çünki mənzil bazarında əsas məsələ, bildiyiniz kimi, odur ki, bu harada yerləşir, tikinti xərcləri nə qədərdir, torpağın xərcləri, torpağa çəkilmiş xərc nə qədərdir?”

Ekspertin fikrincə, ərazinin yerləşməsi mənzil qiymətinin formalaşmasında əsas amillərdən biridir. Xüsusilə mərkəzi və mərkəzə yaxın ərazilərdə torpağın baha olması tikinti xərclərini artırır.

“Bir çox yerlərdə, yəni mərkəzdə və mərkəzə yaxın yerlərdə, bildiyiniz kimi, torpaq sahələri daha baha qiymətli olduğuna görə həmin ərazilərdə tikintiyə məsrəfi çox yüksək nəticə göstərir və bu da mənzillərin bir kvadratmetrinin bazara təklif qiymətlərinə təbii ki, artım istiqamətində öz təsirini göstərmiş olur.”

Ekspert 2027-ci ildə tikinti xərclərinin yüksək qalmasının yeni mənzil təklifinə də təsir göstərə biləcəyini düşünür.

“Biz düşünürük ki, 2027-ci ildə tikinti xərclərinin yüksək qalması nəticəsində yeni mənzil təklifi təbii ki, məhdud olacaq və bu qiymətlərin artımına səbəb olacaq.”

Beləliklə, tikinti xərclərinin yüksək olması bir tərəfdən yeni layihələrin maya dəyərini artıracaq, digər tərəfdən isə bazara çıxarılan yeni mənzillərin sayının məhdudlaşmasına səbəb ola bilər.

Vüqar Oruc eyni zamanda qiymət artımının qarşısında alıcılıq qabiliyyətinin mühüm faktor olduğunu vurğulayır. Onun sözlərinə görə, qiymətlər artdığı halda əhalinin gəlirləri və alıcılıq imkanları bu artıma uyğunlaşmasa, satışlarda zəifləmə baş verə bilər.

“Amma bununla paralel olaraq alıcılıq qabiliyyəti qiymət artımına yenə də uyğunlaşmasa, satışlar zəifləyir və bu da müəyyən mənada qiymət artımının yavaşlamasına, azalmasına gətirib çıxarır.”

Bu baxımdan ekspert hesab edir ki, mənzil bazarında qiymətlərin artması ilə real tələbin həmin qiymətləri qarşılaya bilməsi arasında balans mühüm əhəmiyyət daşıyır.

Mənzil bazarında qiymət artımına təsir edən amillər sırasında ipoteka imkanları, sosial layihələr və əhalinin gəlirləri də mühüm yer tutur.

Vüqar Orucun sözlərinə görə:
“Digər tərəfdən ipoteka imkanları, sosial layihələr, əhalinin gəlirləri və alıcıların real tələbi qiymət artımına da təsir göstərən amillər kimi çıxış etməkdədir.”

Bu amillərin vəziyyətindən asılı olaraq bazarda həm tələb, həm də satış aktivliyi dəyişə bilər.

Ekspertin qiymətləndirməsinə görə, torpaq bazarında da artım tendensiyası davam edir.

“Hər ilin sonuna qədər torpaq sahələri 8 faiz, mənzillər isə təqribən 5 faiz civarında artıma məruz qalacaq.”

Torpağın bahalaşması xüsusilə yeni tikinti layihələrinin maya dəyərinə təsir göstərir. Bu səbəbdən torpaq qiymətlərindəki artımın gələcəkdə yeni mənzillərin satış qiymətlərində də özünü göstərməsi mümkündür.

Vüqar Oruc hesab edir ki, gələn il qiymət artımının əsas fərqləndirici xüsusiyyətlərindən biri ərazilər üzrə fərqli dinamikanın müşahidə olunması olacaq.

“Bununla belə, bir ekspert kimi mən deyə bilərəm ki, hansı ərazilərdə yeni layihələr, layihələr icra olunacaqsa, həmin ərazilərdə qiymət artımı davam edəcək.”

Ekspertin fikrincə, yeni yaşayış komplekslərinin, infrastruktur və digər layihələrin həyata keçirildiyi ərazilərdə daşınmaz əmlaka marağın artması qiymətlərə də təsir göstərəcək.

Yeni layihələrin həyata keçirilmədiyi ərazilərdə isə vəziyyətin fərqli olacağı gözlənilir.

“Hansı ərazilərdə durğunluq olacaqsa və yeni layihələr olunmayacaqsa, ya həmin ərazilərdə qiymət stabil qalacaq, ya da ki, dinamika, yəni qiymət artımı çox cüzi olacaq ki, bu da həmin ərazilərin passiv olması ilə əlaqədardır.”

Beləliklə, 2027-ci ildə mənzil bazarında vahid qiymət artımından daha çox, ərazilər üzrə fərqli dinamikanın formalaşacağı gözlənilir.

Mövcud göstəricilər Azərbaycanda mənzil bazarında qiymət artımının davam etdiyini göstərir. Vüqar Orucun proqnozuna əsasən, bu tendensiya 2027-ci ildə də davam edə bilər. Lakin bahalaşmanın sürəti ərazilər üzrə fərqli olacaq.

Tikinti və torpaq xərclərinin yüksək qalması, yeni mənzil təklifinin məhdudlaşması qiymətlərin artmasına şərait yarada bilər. Digər tərəfdən, əhalinin alıcılıq qabiliyyətinin qiymət artımına uyğunlaşmaması satışların zəifləməsinə və bahalaşmanın tempinin aşağı düşməsinə səbəb ola bilər.

Ekspertin sözlərindən belə nəticəyə gəlmək olar ki, 2027-ci ildə mənzil bazarında əsas məsələ qiymətlərin sadəcə artıb-artmayacağı deyil, bu artımın hansı ərazilərdə və hansı templə baş verəcəyidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki